“Şerif”i məğlub edərək “Birlik Kuboku”nda yarımfinala yüksələn “Xəzər-Lənkəran” bu gün daha bir uğura imza atdı. Bu mərhələdə Belarus çempionu BATE ilə qarşılaşan “ağ-yaşıllar” öncəki matçlarda olduğu kimi yenə ilk dəqiqələrdən hücum futboluna üstünlük verdi. Rəqib komanda müdafiə futbolu oynayaraq, qol vurmaqdan daha çox qol buraxmamağı düşünürdü. Kollektiv şəkildə müdafiədə oturan rəqib ara-sıra hücumlara keçsə də, arxa xəttimiz səhvə yol vermirdi. Birinci hissədə lənkəranlılar Souza və Zaur Ramazanovla qola yaxın olsa da, şanslardan istifadə etmək mümkün olmadı. Turnirdə keçirdiyi 4 oyunda olduğu kimi bu dəfə də komandamız ilk hissədə qol vura bilmədi. İkinci taymda futbolçularımız saysız-hesabsız qol vəziyyətlərindən yararlana bilmədi. Souza, Dieqo, Elmar Baxşıyev təkbətəklərdən məğlub ayrıldılar. Kapitan Zaur Ramazanov da bir neçə əla imkanı boşa verdi. “Şerif”lə oyunda olduğu kimi bu dəfə əvəzetmə özünü doğrultdu. İkinci taymda meydançaya daxil olan Rahid Əmirquliyev Rəşad Abdullayevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra yaranan qarışıqlıqdan istifadə edərək topu tora qovuşdurdu. Lakin komandamızın qol sevinci uzun çəkmədi. Cəmi bir dəqiqə sonra standart vəziyyətdən BATE Radionovla hesabı bərabərləşdirdi. Oyunun son dəqiqələrində yenə Rahid Əmirquliyev səhnəyə çıxdı. Onun təxminən 20 metrlik məsafədən zərbəsi möhtəşəm alındı və komandamız hesabda irəli çıxdı. Ardınca Souza qapıçı ilə təkbətəkdən yararlana bilmədi. Bununla belə qələbə hesabını qoruyan “Xəzər-Lənkəran” ilk dəfə çıxış etdiyi “Birlik Kuboku”nda adını finala yazdırdı.
Komanda finalda “Kaunas”ı 3:1 hesabı ilə məğlub edən “Paxtakor”la görüşəcək. Oyun yanvarın 27-də Bakı vaxtı ilə saat 15:00-da “Peterburq” İdman-Konsert Kompleksində keçiriləcək.