KUBOK:ƏN SÖNÜK OYUN İMİŞLİDƏ QEYDƏ ALINDI (525-Cİ QƏZET, 07.03.2006)
7 Mar 2006
KUBOK:ƏN SÖNÜK OYUN İMİŞLİDƏ QEYDƏ ALINDI (525-Cİ QƏZET, 07.03.2006)
Həftə sonu 75 günlük fasilədən sonra futbol üzrə ölkə kubokunda yenidən mübarizəyə start verilib. 1/4 final mərhələsində keçirilən 4 qarşılaşmada qonaqlar qələbəyə həsrət qalıblar. 2 görüşdə meydan sahibləri qələbə qazandığı halda, digər iki qarşılaşma heç-heçə başa çatıb. Meydan sahibləri 9, qonaqlar isə 3 qol vurublar.
Şənbə günü "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda "Turan"ı qəbul edib. Görüşə meydan sahibləri faəl başlayıblar və artıq 5-ci dəqiqədə hesab açılıb. Stefanov cərimə zərbəsindən vurduğu gözəl qolla flaqmanı hesabda önə keçirib. Bundan sonra üstünlüyü əldən verməyən "Neftçi" 7 dəqiqə sonra ikinci qolu tovuzluların qapısından keçirib. Komanda yoldaşından uzun ötürmə alan Adamiya qapıçı ilə təkbətək çıxsa da zərbə vurmaq əvəzinə Subaşiçə ötürmə verib. Serb hücumçu da boş qapını dəqiq nişan almaqda çətinlik çəkməyib - 2:0. Lakin Ağasəlim Mircavadovun yetirmələri bununla kifayətlənməyiblər. 27-ci dəqiqədə hesab arasındakı fərq artıq 3 topa çatıb. Valera Abramidzenin cinah ötürməsindən sonra "Turan"ın müdafiəçisi Aqil Nəbiyev kobud səhvə yol verib. "Neftçi"nin hücumçusu Nadir Nəbiyev isə qardaşının səhvindən maksimum yararlanaraq üçüncü topu rəqib qapısından keçirib. Az sonra "Turan" bu qollardan birinin əvəzini çıxa bilərdi. Lakin Kamal Ələkbərov əlverişli imkandan yararlana bilməyib. Bununla da ilk hissə "Neftçi"nin 3:0-lıq üstünlüyü ilə başa çatıb. Fasilədən sonra ilk təhlükəli epizodu qonaqlar yaratsalar da Miçoviç cərimə zərbəsindən sonra birbaşa qapıya göndərilən zərbəni tutmaqda elə də çətinlik çəkməyib. 61-ci dəqiqədə Nadir Nəbiyev qol vurmağa yaxın olsa da rəqib müdafiəçilər buna imkan verməyiblər. Sonrakı dəqiqələrdə ikinci hissədə meydana daxil olan Rəşad Sadiqovun iki təhlükəli zərbəsi yaddaqalan olsa da hesab dəyişməyib. Beləliklə, "Neftçi" - "Turan" görüşü "ağ-qaralar"ın 3:0-lıq qələbəsi ilə nəticələnib. Bununla bakılıların artıq yarımfinala yüksəldiyini söyləmək olar. Görüşdən sonra komandaların baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Sakit Alıyev ("Turan"ın baş məşqçisi): "Rəqibi gözəl oyun münasibəti ilə təbrik edirəm. Özümüzə gəldikdə isə uşaqlar verilən tapşırıqları yerinə yetirə bilmədilər".
Ağasəlim Mircavadov ("Neftçi"nin baş məşqçisi): "Uşaqlara demişdim ki, "Turan" əzmkar komandadır. Onlarla oyuna elə-belə yanaşmaq olmaz. Qələbə qazanmağımıza baxmayaraq bəzi çatışmazlıqlar hələ də qalır".
Şənbə günü keçirilən digər görüşdə "Qarabağ" öz meydanında kubokun hazırkı sahibi "Bakı"nı sınağa çəkib. Matça ağdamlılar fəal başlayıblar və artıq ilk dəqiqələrdəcə Mübariz Orucov hesabı açmağa yaxın olsa da əlverişli imkandan yararlana bilməyib. Ancaq buna baxmayaraq hesabın açılmasında Mübarizin böyük rolu olub. 30-cu dəqiqədə təcrübəli futbolçunun zərbəsini "Bakı"nın qapıçısı Sissoko qaytara bilsə də topa özünü hamıdan tez yetirən Egidiyus Yuşka hesabı açıb. Bundan sonra irəli atılan "Bakı" 45-ci dəqiqədə "status-kvo"nu bərpa edə bilib. Ceyhun Sultanovun cərimə zərbəsindən sonra ötürdüyü topu Fernando Peres qapıdan keçirib - 1:1. İkinci hissəyə də "Qarabağ" fəal başlayıb və tezliklə ağdamlılar nəinki yenidən hesabda önə keçiblər, hətta fərqi iki topa çatdırıblar. Hər iki qolu Samir Musayev vurub. Hücumçu əvvəlcə penaltini dəqiq yerinə yetirib, 68-ci dəqiqədə isə Samir vurduğu gözəl zərbə ilə özünün ikinci, komandasının isə üçüncü topunu vurub. Lakin "Qarabağ" iki top fərqini sonadək qoruya bilməyib. Belə ki, 88-ci dəqiqədə Vadim Vasilyev penaltini dəqiq yerinə yetirməklə intriqanı qızışdırıb. Bir məqamı da qeyd edək ki, qarşılaşmanın protokolunda "Qarabağ"ın futbolçusu Qoqa Berayanın nömrəsi 20 göstərilsə də futbolçu matç boyu 21 nömrəli mayka ilə çıxış edib. "Bakı" rəsmiləri buna öz etirazlarını bildirsələr də matçın baş hakimi İmanxan Sultani Berayanın formasını dəyişmək üçün heç nə etməyib.
Yevlaxda keçirilən "Karvan" - "İnter" oyunu da maraqla gözlənilirdi. Bu komandalar bir müddət əvvəl çempionatda qarşılaşmış və o zaman yevlaxlılar qələbə qazana bilmədiklərinə görə, hakimi ittiham etmişdilər. Bu dəfə "Karvan" ilk dəqiqələrdən irəli atılıb və 10-cu dəqiqədə hesab açıla bilərdi. Lakin müdafiəçilər Markusun qapıya dəqiq zərbə endirməsinə imkan verməyiblər. Fasilədən dərhal sonra "İnter" üstünlüyü ələ alıb və Elşən Məmmədov yaxşı imkan yaxalayıb. Lakin gənc hücumçu qapıçı ilə dueldən məğlub ayrılıb. Növbəti epizodda hesabın açılmamasına görə "Karvan" yalnız bəxtə minnətdar olmalıdır. Belə ki, "İnter"in hücumu zamanı əvvəlcə Mixail Makovski, ardınca Elşən Məmmədovun zərbələri tirə tuş gəlib. Az sonra isə "Karvan" hesabı açıb. Yakuba Bamba müdafiəçidən sıyrılaraq qapıçıya heç bir şans verməyib - 1:0. Lakin az sonra Makovski qardaşları sözünü deyib. Mixailin künc zərbəsindən qaldırdığı topu Vladimir qapıdan keçirib - 1:1. Bu həm də görüşdə vurulan son qol olub. İmişlidə keçirilən "MKT-Araz" - "Xəzər-Lənkəran" görüşündə azarkeşlər cansıxıcı 90 dəqiqəyə şahid olublar. Komandalardan heç biri fərqlənmək üçün şans yaxalamayıb. Qeyd edək ki, cavab qarşılaşmaları martın 18-i və 19-da keçiriləcək.