Kubokun finalı “Şəfa"da olacaq (HET TRİK, 26.05.2006)

single-news
26 May 2006

Kubokun finalı “Şəfa"da olacaq (HET TRİK, 26.05.2006)



AFFA ƏNƏNƏ QOYMADI AFFA futbol ictimaiyyətini təəccübləndirən qərarlar verməkdə davam edir. Bildiyiniz kimi, bir qayda olaraq ölkə kubokunun final oyunları mayın 28-də "Tofiq Bəhrəmov"da keçirilib. Yəni Respublika günündə, Respublika stadionunda oynanılıb. Bu lap ingilislərin hər dəfə kubokun finalını "Uembli"də keçirməsinə bənzəyirdi. Amma bu il xoş ənənə pozulacaq. Təkcə ona görə yox ki, finalın tarixi mayın 28-dən iyunun 3-ə keçirilib. Həm də ona görə ki, federasiyanın başbilənləri finalın məkanını dəyişib. "Şəfa"da - məhz bu stadionda ölkə kubokunun final oynunda "Qarabağ"la "Karvan" qarşılaşacaq. Açığı AFFA-nın bu qərarına anlam verə bilmədik. Ona görə də səbəblərini aydınlaşdırmaq üçün federasiyanın mətbuat xidmətinin rəhbərinə - Mikayıl Nərimanoğluya zəng etdik. Amma o, yenə zənglərimiz cavabsız qoydu. Daha sonra AFFA-nın Oyunların Keçirilməsi və Təşkili Departamentinin rəhbəri Məlik Həsənova telefon açdıq. Məlik bəyin cavabı isə daha maraqlı oldu: "Bunu federasiya qərara alıb və federasiyanın işidir. Mən heç nə deyə bilmərəm". Hər halda Həsənov AFFA-da məhz bu işlərə baxır və belə bahənə ilə sualımızdan qaçması gülüncdür. Məsələ ilə bağlı finalda oynayacaq klubların mövqelərini də öyrəndik. "Karvan" rəsmiləri oyunun harada keçirilməsinin onlar üçün fərq etmədiyini bildirdi. "Qarbağ"ın mətbuat xidməti də AFFA-nın qərarına hörmətlə yanaşdıqlarını qeyd etdi, lakin bu cür oyunların daha böyük arenada - Respublika stadionunda keçirilməsinin daha məqsədəuyğun olduğunu da vurğuladı. AFFA bu günlərdə daha bir qərar verib. Bu haqda da bir qədər ətraflı söz açaq. Bəlli olduğu kimi hələ güclülər dəstəsində heç nə aydın olmadığından "Qızıl oyun"un keçirilməsi hələ sual altındadır. Amma bir şey dəqiqdir ki, "Qızıl oyun" qaydası bu mövsüm də ləğv olunmayacaq. Daha bir məsələ var ki, bu oyunu hansı hakimlər idarə edəcək? Keçən mövsüm AFFA "Qızıl oyun"u əcnəbi hakimlərə həvalə etmişdi. Amma "Neftçi" - "Xəzər-Lənkəran" matçında fit çalan isveçrəli Karlo Bertolinin hakimliyi heç də hamını qane etməmişdi. Bunu AFFA-nın hakimlər komitəsinin sədri Əli Hüseynov bildirib. Ona görə də bu ilki "Qızıl oyun" məhz yerli hakimlərə həvalə ediləcək. Hüseynov həmçinin cəzalandırılan hakimlərin bağışlanaraq yenidən oyunlara təyinat alacağı haqda məlumatları da yalanlayıb.

Paylaş