Kubokun finalında 5 qol

Kubokun finalında 5 qol
“Qarabağ” - “Sabah” - 2:3
Kadi Borqes, 45+2; Con İrasabal, 68 (avtoqol) – Pavel Safranko, 36 (pen.); Kahim Parris, 90+5; Tellur Mütəllimov, 120
Azərbaycanda 2024/2025-ci illər mövsümünə rəsmən yekun vurulub. Misli Premyer Liqasının qalibi “Qarabağ” ölkə kubokunun final oyununa çıxıb. Komandamız həlledici görüşdə “Sabah”la qarşılaşıb.
Baş məşqçimiz Qurban Qurbanov bu matçda aşağıdakı start heyətinə şans verib: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunun startından etibarən komandamız təşəbbüsü ələ alıb. Futbolçularımız meydanın rəqibə aid hissəsində topu özlərində saxlayaraq, qol axtarışında olublar. Müdafiədə sıxlıq yaradan rəqib isə topu ələ keçirən kimi, sürətli əks-hücumlar qurmağa çalışıb. Hər iki komandanın müdafiədə etibarlı oyunu sayəsində qapılar qarşısında təhlükəli vəziyyət sayı az olub. Matçda hesabı 36-cı dəqiqədə “Sabah” penaltidən açıb. Bir neçə dəqiqə sonra komandamız penalti qazansa da, Toral Bayramovun zərbəsini qapıçı tutub. Buna baxmayaraq, fasilə ərəfəsində hesabı bərabərləşdirmək mümkün olub. Əla qurulan kombinasiyanı Kadi Borqes qolla tamamlayıb.
“Sabah” 57-ci dəqiqədə ikinci dəfə penalti vurmaq hüququ qazanıb. Bu dəfə qapıçımız Mateus Koxalski əla “seyv”lə dueldən qalib ayrılıb. İkinci hissədə də üstünlük komandamızın tərəfində olub. Çoxsaylı həmlələr 68-ci dəqiqədə öz bəhrəsini verib. Elvin Cəfərquliyevin cinah ötürməsindən sonra rəqibin müdafiəçisi tərs zərbə ilə topu öz qapısından keçirib. Lakin nominal qonaqlar 90+5-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Nəticədə əlavə vaxta ehtiyac yaranıb.
Əlavə olunmuş 30 dəqiqədə hər iki komandanın ifasında qarşılıqlı hücumlar olub. “Sabah” 120-ci dəqiqədə vurduğu qol sayəsində 3:2 hesablı qələbə qazanıb və kuboka yiyələnib.