Külək hayandan əsdi... (het-trik, 15.05.2006)

single-news
15 May 2006

Külək hayandan əsdi... (het-trik, 15.05.2006)



"QARABAĞ" VƏ "ARAZ" QOLLARI EYNİ QAPIYA VURDU Əvvəlcə onu qeyd edək ki, "Qarabağ" bu oyuna kapitan Aslan Kərimovsuz çıxmışdı. Bundan başqa, meydan sahiblərinin elə bir itkisi yox idi. Elə "MKT-Araz" da bu sarıdan əziyyət çəkmirdi. Oyuna gəlincə, hesabın açılmasını çox gözləmək lazım gəlmədi. 10-cu dəqiqədə Zeynal Zeynalovun küncdən qaldırdığı topu İqor Makovey başla tora göndərdi. Nəzərinizə çatdıraqı ki, son iki matçda bu, Makoveyin üçüncü qolu idi. Az sonra qonaqlar yenidən fərqlənə bilərdi. Lakin Sinişa Brankoviçin hava ötürməsini Moris Muanze boş qapıya ünvanlaya bilmədi. Morisin təəssüf hisslərini "Qarabağ"dan Samir Musayev də yaşadı. O da eyniylə Muanze kimi boş qapını nişan ala bilmədi. Ümumiyyətlə, ilk yarıda "MKT-Araz"ın nisbi ərazi üstünlüyü hiss olunurdu. Xüsusən də küləyin "Qarabağ"ın qapısına tərəf əsməsi imişlilərin işinə yarayırdı. İkinci hissədə isə ssenari dəyişdi. Bu dəfə külək "MKT-Araz"ın qapısına tərəf əsirdi. Fasilədən sonra meydan sahibləri oyunu tam ələ aldı. Bunun da nəticəsində "Qarabağ" Qoqo Berayanın 18 təxminən metrdən vurduğu fantastik qolla hesabı bərabərləşdirdi. Sona bir dəqiqə qalmış isə Sergey Sokolov Elmir Xankişiyevin küncdən asmasından sonra topu başla çərçivəyə saldı. "Qarabağ" daha böyük hesabla qələbə də qazana bilərdi. Buna isə qonaqların qapıçısı mane oldu. Onun dörd dəfə komandasını real qol vəziyyətindən xilas etməsi hesabın böyüməsinə imkan vermədi. Maraqlıdır ki, İmişli klubu ikinci hissədə bir dəfə də olsun qol vəziyyəti yarada bilmədi. Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Hesabın oyuna görə olduğunu söyləyə bilərəm. Uşaqlar yaranan qol vəziyyətlərindən istifadə edə bilsəydi, hesab başqa cür olardı". İqor Nakoneçnı ("MKT-Araz"ın baş məşqçisi): "Birinci hissədə daha yaxşı oynadıq. İkinci hissəyə də pis başlamamışdıq. Lakin hakimin yerli-yersiz bizə qarşı qəbul etdiyi qərarlar oyunumuza təsir etdi".

Paylaş

// pop up