LAYİQLİ REVANŞ ...

single-news
2 Okt 2005

LAYİQLİ REVANŞ ...



Matç gözlənildiyi kimi, qarşılıqlı hücumlarla başladı. Bunun nəticəsi olaraq elə ilk hücumdaca "Qarabağ" hesabı açdı. Sergey Kravçenkonun dörd hücumçunun arasından zərgər dəqiqliyi ilə ötürdüyü topa Müşviq Hüseynovun bir toxunuşu qapıçıya heç bir şans qoymadı: 1-0. Bundan bir qədər sonra Kravçenkonun özünün zərbəsi qapıdan azacıq aralı keçdi. 18-ci dəqiqədə Zaur Ramazanovun 25 metrdən oyunda yeganə olan zərbəsini Cahangir əla reaksiya ilə tuta bildi. 28-ci dəqiqədə Denis Sokolovskinin cərimə zərbəsini Martyoşkin inanılmaz reaksiya ilə dəf edə bildi. Oyunun bu bölümlərində "Xəzər L" cinahlarında oyunun alınmaması, sol cinahda isə Vüsal Hüseynova Engin Özmənin heç bir şans verməməsi elə ilk hissədəcə onun əvəzlənməsinə səbəb oldu. Qeyd edək ki, Nazim Süleymanov ilk hissədə cinahlarda iki dəyişikliyə əl atmalı oldu. Matçın ilk hissəsində "Xəzər" həm də kobudluqlarla yadda qaldı. Enginin mükəmməl oyununu, Müşviqin qolunu sinirə bilməyən rəqib ilk hissədə onların ikisini də zədələdilər. Bunun nəticəsi olaraq, onlar məcburən əvəzləndi. Buna baxmayaraq, Müşviqin yerinə oyuna daxil olmuş Voskoboynik elə ilk həmlədəcə öz sözünü dedi. Mərkəzdə topu qəbul edən oyunun ən yaxşılarından biri olan Azər Cabbarov uzun reyd edərək Voskoboyniki qapıçı ilə təkbətək qoyan ötürməni etdi. Burada isə təcrübə öz sözünü dedi. Bir toxunuşla qapıçını kobud oynamağa məcbur edən hücumçu 11 metrlik cərimə zərbəsi qazandı. Samir Musayev mövsümdə ilk qolunu rəqibin qapısından keçirdi: 2-0. Az sonra Samir özünün ikinci qolunu vurmağa yaxın olsa da, qapıçı onun zərbəsini dəf edə bildi. Matç sonu kəskinliyi ilə yadda qalsa da, "Xəzər-L" yalnız bir qol ilə özünə təsəlli verdi. 2-1 və "Qarabağ" layiq olduğu qələbəni qazanaraq ötən mövsümdəki uğursuzluğun əvəzini çıxdı. Matçdan fotolara FOTOQALEREYA bölümündən baxa bilərsiniz.

Paylaş

// pop up