Lənkəranlılar özünə gəlir (FUTBOL+, 03.04.2006)

single-news
3 Apr 2006

Lənkəranlılar özünə gəlir (FUTBOL+, 03.04.2006)



Ötən illə müqayisədə bu komandaların hər ikisi çempionatda iddiasızlığıyla seçilir. Elə buna görə də matçın böyük marağa səbəb olacağı inandırıcı görünmürdü. Amma komandasına həmişə dəstək olan lənkəranlı azarkeşlər yenə də tribunanın oturacaqlarını doldurmuşdu. Hətta meydanın tribuna olmayan tərəflərində də ayaqüstə dayanan seyrçilər komandasını dəstəkləyirdi. Buna baxmayaraq, protokolda tamaşaçıların sayının nisbətən az göstərildiyini qeyd etmək olar. Hər iki komandanın matça ciddi itkilərlə gəlməsini bir faktla ifadə etmək olar. Oyunun protokoluna daxil edilən 18 nəfərin əvəzinə “Xəzər-Lənkəran” 16, “Qarabağ” isə 17 futbolçunu qeyd etmişdi. Bunda meydan sahiblərinə legioner limitinin də əngəl olduğunu vurğulamalıyıq. Qonaqların isə hücumçularla bağlı problemləri az qala ənənə halını alıb və bu oyunda da davam etdi. Səfər oyununda yeganə hücumçuyla mübarizə aparmaq istəyən Böyükağa Ağayevin planları oyunun əvvəlindəcə alt-üst oldu. Egidius Yuşkanın erkən zədələnib 2-3 aylıq sıradan çıxması onun arxasında oynamalı olan Fərid Quliyevin ön xəttə keçməsinə səbəb oldu. Orta sahədə say üstünlüyündən yararlanmaq niyyətində olan qonaqlar fasiləyədək bu işin öhdəsindən gəlirdi. Sürət və texnika baxımından üstün görünən ağdamlılar kimi meydan sahibləri də ilk yarıda ciddi təhlükə yarada bilmədi. Sağ cinahda daha yaxşı təsir bağışlayan qonaqlardan fərqli, cənublular cinah keçidləri və hava ötürmələriylə diqqət çəkirdi. Hətta dəfələrlə “ikinci mərtəbə”də də müdafiəçiləri üstələməyinə baxmayaraq, Lənkəran klubu dəqiq zərbələriylə seçilmirdi. Oyunun taleyi isə ikinci hissənin əvvəlində həll olundu. Əvvəl Namiq Yusifovun sağ cinahdan asmasını ələ keçirib, sonra onu rəqibə bağışlayan Martyoşkin, ardınca isə topu uzaqlaşdırmaq istəyərkən onu rəqibinin üstünə vuran Miroslav Saviçin səhvlərindən yararlanmayan qonaqlar tezliklə qapılarında qol gördü. Hər iki epizodu boşa verən Fərid Quliyevdən fərqli “Xəzər-Lənkəran” futbolçuları imkanları qaçırmadı. İlyeşin başladığı hücum Mahmud Qurbanovun Alim Qurbanova ötürməsiylə nəticələndi ki, sonuncu qapıçının qabağa çıxmasını görüb, effektli zərbəylə hesabı açdı. Çox keçməmiş rumın yarımmüdafiəçi ilk qoldan sonra özünə gəlməyən “Qarabağ”ı növbəti dəfə cəzalandırdı. Bu dəfə Xaqani Məmmədovdan ötürmə alan Robert bir toxunuşla qolkiperi arxada qoyub nəticəni müəyyənləşdirdi. Bundan sonra qonaqlar yenə fəallaşsa da, oyunun böyük hissəsində olduğu kimi, yenə əsas mübarizə meydanın mərkəzində getdi. Təsəlli qolu vurmağa çalışan qonaqlar kimi, meydan sahibləri də rəqib qolkiperə çətin anlar yaşada bilmədi. Viktor Pasulko, “Xəzər-Lənkəran”ın baş məşqçisi: “Rəqibin yaxşı, texnikalı komanda olduğunu - onların “Neftçi”ylə matçını izlədiyimdən - yaxşı bilirdim. Həqiqətən oyun bizim üçün ağır oldu. Rəqibin orta sahədəki dominantlığına baxmayaraq təzyiqə dözüb, taktiki savadlılıq hesabına qələbə qazana bildik. Bəzi oyunçularımdan narazı qalsam da, ümumilikdə oyun və hesab məni qane edir”. Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Heyətdə olan itkilərimizə Yuşkanın da qatılması oyunun nəticəsinə təsir etdi. Hücum xəttində daha çox çətinlik çəkirik. Yarımmüdafiə xətti nə qədər yaxşı olsa da, hücumları davam etdirən ifaçılarımız yoxdu. Yəqin ki, növbəti oyunlaradək bu problem həll olunar. Əsas məqsədimiz kuboka hazırlaşmaqdı”.

Paylaş