Leverkuzendə 5 qol

single-news
15 Mar 2024

Leverkuzendə 5 qol



“Bayer” – “Qarabağ” – 3:2
Ceremi Frimponq, 72, Patrik Şik, 90+3, 90+6 // Abdullah Zubir, 59, Olavio Juninyo, 67

 

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib. Komandamız Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşünə çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Almaniyada “Bayer”in qonağı olublar. Bundesliqanın lideri ilə Bakıda məhsuldar heç-heçə (2:2) edən “Qarabağ” səfərdə də güclü rəqiblə başabaş mübarizə aparıb.

 

Almaniya nəhənginin matçın əvvəlindəki böyük təzyiqinin qarşısını inamla alan komandamız mübarizə əzmini nümayiş etdirib. Artıq ilk hissənin ortalarında oyunu bərabərləşdirən “Qarabağ” fasiləyədək sürətli əks-hücumlarla rəqibə çətin anlar yaşadıb. Olavio Juninyo, Marko Veşoviç və Elvin Cəfərquliyevin qapı istiqamətində zərbələri yaddaqalan alınıb.

 

İkinci hissə daha məhsuldar alınıb. Rəqibin önünü inamla kəsən “Qarabağ” hesabı açıb. Leandro Andradenin ötürməsini Abdullah Zubir qapayıb – 1:0.  Bu qoldan az sonra komandamız azlıqda qalsa da, fərqi artırmağa nail olub. Marko Veşoviçin ötürməsini Olavio Juninyo tamamlayıb. Bu, braziliyalının cari mövsümdə avrokuboklarda 6-cı qolu olub. Amma “Qarabağ” üstünlüyünü qoruya bilməyib. Görüşün sonunadək üç qol vuran Almaniya klubu 3:2 hesablı qələbə qazanıb. Son saniyələrdə Bəhlul Mustafazadə əlverişli imkan əldə etsə də, matçı əlavə vaxta daşıyacaq qolu vura bilməyib.

 

Beləliklə, “Qarabağ” tarixi nəticələrə imza atdığı avrokubokların 2023/24 mövsümünü başa vurub. Öncə pley-offa, ardınca 1/8 finala adlayan ilk Azərbaycan klubu olan komandamız 1/4 finalın bir addımlığında dayanıb.

Paylaş