Lıçkin yenə vacib qol vurdu (FUTBOL+,31.10.2005)

single-news
31 Okt 2005

Lıçkin yenə vacib qol vurdu (FUTBOL+,31.10.2005)



Start fitindən əvvəl liderin izləyiciləri "Bakı"yla "Karvan"ın məğlubiyyətlə barışdığı dəqiqləşdi. Belədə meydan sahibləri qələbə qazanacağı təqdirdə mövqeyini daha da möhkəmləndirəcəkdi. Amma isinmə hərəkətləri zamanı Mixail Makovski əzələsini dartdığından adı iştirak ərizəsindən çıxarıldı. Onu Elnur Məmmədov əvəzlədi. Makovskinin meydana çıxmaması "İnter" üçün böyük itki sayılsa da, Konkovun ixtiyarında mübarizəyə qoşulacaq yetərincə qüvvə vardı. Qarşılaşma da bu məntiqi təsdiqlədi. Hərçənd iki fərqli hissə izlədik. Bəlkə də soyuq havanın təsirindəndi ki, futbolçular ilk 45 dəqiqədə ortaya baxımlı heç nə qoymadı. Əsasən meydanın mərkəzində gedən mübarizədə bəzən kobudluğa da yer vardı. Ümumiyyətlə, komandalar daha çox cinahdan vurulan hücumlara üstünlük vermişdi. Bunda isə daha çox qonaqlar fəallıq göstərirdi. Xüsusilə məcburiyyətdən müdafiənin sağına çəkilən Aslan Kərimov, eləcə də onun önündə qərarlaşan Azər Cabbarov rəqibə başağrısı olurdu. Amma qapı önündə hər hansı təhlükə yaşanmırdı. Tilsimi yalnız 25-ci dəqiqədə reyd edən Lıçkin pozdu. Slavanın təxminən 20-22 metrlik məsafədən endirdiyi zərbəni Həsənzadə dəf etsə də, təhlükəni Bekovaç sovuşdurdu. Əks halda özünü yetirən İdahor hesabı aça bilərdi. Bu ilk 45 dəqiqədə liderin ifasında gördüyümüz yeganə təhlükəli epizod oldu. Təbii ki, zədəli halda meydana çıxan Vladimir Makovskinin ideal ötürməsinə çata bilməyən İdahorun diqqətsizliyini nəzərə almasaq. "Qarabağ"ı isə Mübariz Orucov fasiləyə öndə çıxara bilərdi. Amma fəallığıyla seçilən yarımmüdafiəçinin zərbəsini tir dəf etdi. Meydanda yaşananların Konkovu qane etmədiyini gün kimi aydın idi. Bunun nəticəsi kimi də "İnter" ikinci hissəyə iki əvəzləməylə başladı. Xüsusilə Aqşin Ömərovun meydana çıxması oyunda canlanma yaratdı. Hesabın açılmasını gözləmək üçün də çox vaxt lazım olmadı. Rəqib müdafiəçilərini daim gərginlikdə saxlayan İdahor sağ cinahla bir qədər irəlilədikdən sonra cərimə meydançası istiqamətinə ötürmə etdi. Amma hamıdan tez topa Bekovaç çatdı. "Şahdağ"la oyunu buraxan müdafiəçi topu əllə qarşılayınca hakim penalti nöqtəsini göstərdi. Lıçkin oyunboyu inamsız təsir bağışlayan Həsənzadəyə şans tanımadı. Oyunu əks-hücumda quran "Qarabağ"ın cavabı da özünü çox gözlətmədi. Kravçenkonun cərimə zərbəsindən asması zamanı Cabbarov başıyla gözəl zərbə endirsə də, Fərhad Vəliyev yerində idi. Vəssəlam. Qonaqlar qalan dəqiqələrdə yaradıcı heç nə ilə yadda qalmadı. "İnter" isə təhlükəli hücumları sıraya düzmüşdü. Amma ikinci qol bir qədər kuryoz alındı. Daha dəqiq desək, Lıçkinin künc zərbəsindən havalandırdığı topu Ruslan Musayev başıyla tora qovuşdurdu. Avtoqola rəğmən, Ruslanın orta xətdə heç də pis təsir bağışlamadığını vurğulaya bilərik. Bununla belə, onun Aslana lazımınca əvəzləyə bilmədiyi də dəqiqdi. Ən azı hesabı bərabərləşdirmək məqsədi güdən Elxan Abdullayev tezliklə Samir Musayevi döyüşə atdı. Amma hücumçu cəmi bir epizodda topla təchiz edildi ki, onda da zərbəsi qeyri-dəqiq alındı. "İnter" isə hesabı daha da biabırçı həddə çatdıra bilərdi. Həsənzadənin çıxışda gecikməsindən Levin lazımınca yararlansaydı... Gənclər yığmasının üzvünün yaxın məsafədən baş zərbəsi dirəyin üstündən keçdi. Vitali Şaltsev, "İnter"in məşqçisi: "İki fərqli hissə izlədik. Futbolçular planlaşdırdıqlarımızı tam yerinə yetirmədi. Yalnız fasilədə bəzi dəyişikliklər edəndən sonra vəziyyəti xeyrimizə dəyişdik. Ümumiyyətlə, ikinci hissədə "İnter" üstün idi. Uşaqlara təşəkkür edirəm. Doğum günüm üçün qələbədən yaxşı hədiyyə fikirləşmək olmazdı". Elxan Abdullayev, "Qarabağ"ın baş məşqçisi: "Rəqib məşqçini və yetirmələrini təbrik edirəm. "İnter" bu gün layiqli qələbə qazandı və digər iddialılardan üstün olduğunu isbatladı. "Qarabağ"a gəlincə, yalnız birinci hissədə yaxşı oynadıq. Əks-hücum taktikasına üstünlük versək də, ikinci 45 dəqiqədə heç nə alınmadı. Bunun da səbəbi rəqiblə bağlıdı. "İnter"in əvəzləmələri oyunu kökündən dəyişdi. Müdafiədə səhvlərimiz də həlledici oldu".

Paylaş