Lobanın qolu İliçi ağlatdı (FUTBOL+, 13.03.2006)
13 Mar 2006
Lobanın qolu İliçi ağlatdı (FUTBOL+, 13.03.2006)
Məğlubiyyət “Qarabağ” üçün dünyanın sonu anlamına gəlmirdi. Amma “Bakı” mütləq qələbə qazanmalı idi. Əks halda ölkənin ən imkanlı klublarından biri üçün çempionluq üfüqdə görünən günəş kimi uzaqlıqda dayanacaqdı.
“Qarabağ”ın xəstələri, “Bakı”nın zədəliləri
Nə “Bakı”, nə də “Qarabağ” baş arenaya istədiyi heyətlə çıxa bildi. Meydan sahibləri müdafiə xəttinin aparıcı siması Rafael Əmirbəyovun xidmətindən zədə üzündən yararlanmadı. Böyükağa Ağayevi isə bir neçə futbolçusunun xəstə olması narahat edirdi. Ağdam klubunun “vuran ayaq”larından sayılan Samir Musayevin matçı kənardan izləməsi də deyəsən, elə xəstəliyinə görə idi. Aslan Kərimov isə cəzalı olduğundan “Bakı”ya qarşı forma geymədi.
“Bakı”nı öz oyunçusu cəzalandırdı
Hər iki komandanın taktiki düzülüşü bir-birinə oxşayırdı. İstər “Bakı”, istərsə də “Qarabağ”ın hücum qüvvəsini əsasən cinah yarımmüdafiəçiləri təşkil edirdi. Hücum xəttinə gəlincə, “zolaqlılar” irəlidə bütün ümidlərini əcnəbilərə - Qomeşlə Peresə bağlamışdı. “Qarabağ” isə Musayevin yoxluğunda Yuşkayla birgə Fəriddən qol gözləyəcəkdi. Və Quliyevin həm oyun, həm də nəticə baxımından ümidləri doğrultuğunu deyə bilərik. Ağdam klubunun elə ilk hücumundaca Fərid Romalın künc bayrağının yanından ötürdüyü topu qola çevirdi. Qolu məhz Quliyevin vurması yəqin ki, “zolaqlılar”ı yandırdı. Axı bu futbolçu “Qarabağ”a məhz “Bakı”dan icarəyə verilib.
Romal yordu, Ceyhun vurdu
Aslan Kərimovu dayaq yarımmüdafiəçisi mövqeyində əvəz edən Romal matçın ən yaxşılarından idi. Oyunboyu komandasına müdafiədə də, hücumda da kömək edən Hüseynov dayanmaq bilmirdi. Romal bu fəallığıyla rəqib futbolçuları da əməlli-başlı yormuşdu. Amma bəstəboy yarımmüdafiəçinin zəhmətini Ceyhun yerə vurdu. Vurduğu qolla. “Qarabağ” nə qədər inamla müdafiə olunmağa çalışsa da, “Bakı”nın kapitanı “bir topun keçə biləcəyi qədər” boşluq tapdı və komandasını sevindirdi. “Zolaqlılar”ın hesabı bərabərləşdirməsində Ceyhun qədər, Qomeşin də əməyi oldu. Məhz braziliyalı forvardın sol cinahla uzun reyd edib cərimə meydançasına ötürmə etməsindən sonra Sultanov toru silkələdi.
Uğurlu əvəzetmələr və şikayətlər
Hesab bərabərləşəndən sonra sanki “Qarabağ”ın gücü də tükəndi. Amma hər şeyə rəğmən, Ağayevin yetirmələri fasiləyədək durmadan hücum edən rəqibinə “dur” deyə bildi. Fasilədən sonra isə oyunun tempi aşağı düşməsə də, baxımlılıq dərəcəsi azalmışdı. Bu da daha çox “Qarabağ”ın müdafiə olunmasından irəli gəlirdi. Özünə sərf edən nəticəni əldən buraxmaq istəməyən Ağayevin yetirmələri rəqibi əks-hücumda yaxalamaq üçün fürsət gözləyirdi. Abdullayev isə belə düşünmürdü. “Bakı”ya üç xalı bəxş edəcək qol hava-su kimi gərəkli idi. Amma “zolaqlılar” ikinci yarıda bir neçə dəfə təhlükəli vəziyyət yaratsa da, qol görünmürdü. Elə buna görə də Əsgər bəy əvəzləmələrə əl atmalı oldu. Meydanda hücumçuların sayını çoxaldan baş məşqçi istəyinə çox gec çatdı. Matçın sonlarına yaxın Abdullayevin şans verdiyi Loban günün qəhrəmanına çevrildi. “Qarabağ”ın cərimə meydançası daxilində müdafiəçinin qaytardığı topu Stanislav “çərçivə”yə istiqamətləndirdi. Ağdam klubunun üzvləri qol vurularkən Vadimin müdafiəçilərindən birinə qarşı kobudluq etdiyini bildirsə də, baş hakimin qərarı dəyişilməz idi. Amma qol hesaba alınmasaydı belə, çətin ki, Babək Quliyev iradlardan canını qurtaraydı. Çünki bu epizodda kənardan elə göründü ki, “Qarabağ”ın müdafiəçisi Ramiz Hüseynov topa əliylə toxundu. Referi qolu qeydə almasaydı, şübhəsiz “Bakı” Ramizin topa toxunması iddiasıyla şikayət edəcəkdi. Matçdan sonra İliçin göz yaşları içində hakimə etirazını bildirməsi də diqqətimizdən yayınmadı. Amma bu göz yaşları heç nəyi dəyişməyəcəkdi.
“Bəlkə də olub, amma mən görmədim”
Mətbuat konfransında hər iki komandanın məşqçisi problemlərindən danışdı. Amma Böyükağa bəy daha çox hakimlik haqda fikir bildirdi.
Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Dörd oyunçumuz xəstə idi. Ümumiyyətlə, problemlərimiz çoxdu. Amma bu gün uşaqlar imkanları daxilində oynadı. “Bakı”nın bizdən azca üstünlüyü hiss olunurdu. Qapımıza vurulan ikinci qolu demək olar ki, hakim yaratdı. Əslində orda cərimə zərbəsi təyin olunmalıydı. Demirəm ki, üstün idik, sadəcə, uşaqlar döyüşürdü. Baş hakim elə bil qapımıza qol vurulması üçün məqam axtarırdı”.
Novruz Əzimov, “Bakı”nın məşqçisi: “Qarabağ”a, Böyükağa bəyə minnətdarlığımı bildirirəm. Belə oyunlar futbolumuzun inkişafına da təsirini göstərir. Hakimlik haqda heç nə deməyəcəm. Bəlkə də səhvlər olub, amma mən görmədim. Komandamızda heyət baxımından bəzi problemlər var idi. Elə də çox qol vəziyyəti yarada bilmədik. Bu bizi düşündürür”.