Londonda üç qol

single-news
27 Sen 2024

Londonda üç qol



“Tottenhem” (İngiltərə) – “Qarabağ” - 3:0

Brennan Conson, 12. Pape Sarr, 52. Dominik Solanke, 68

 

Komandamız növbəti avrokubok oyununu keçirib. Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində ilk matçına çıxıb. “Qarabağ” Londonda “Tottenhem”lə görüşüb.

 

Komandamız oyuna aşağıdakı start “11-liy”i ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 66. Patrik Andrade, 7. Yassin Benzia, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 18. Juninyo.

 

Qarşılaşma sürətli başlayıb. Artıq 8-ci dəqiqədə ev sahibləri meydanda azlıqda qalıblar. Qapıçı ilə təkbətək çıxan Olavio Juninyonu sonuncu ümid foulu ilə dayandıran Radu Draquşin qırmızı vərəqə alıb. Lakin bir neçə dəqiqə sonra müdafiədə buraxılan səhv komandamızın qol buraxmasına səbəb olub. Buna baxmayaraq, birinci hissənin qalan dəqiqələri Azərbaycan çempionunun təhlükəli hücumları ilə yaddaqalan olub. Xüsusən də, Toral Bayramov və Juninyo real qol şansını əldən veriblər.

 

Fasilədən dərhal sonra “Tottenhem” standart vəziyyətdən ikinci qolu vurub. 58-ci dəqiqədə komandamız fərqi minimuma endirmək üçün əla fürsət əldə edib. Ancaq Toral Bayramov penalti zərbəsini qeyri-dəqiq yerinə yetirib.

 

Bundan sonra da üstünlük komandamızın tərəfində olub. Rəqibin qapısı qarşısında tez-tez təhlükəli anlar yaşansa da, fərqlənmək heç cür mümkün olmayıb. Əvəzində İngiltərə təmsilçisi 68-ci dəqiqədə üçüncü qolu vurub. Bununla da “Tottenhem” öz meydanında 3:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin II turu çərçivəsində oktyabrın 3-də Bakıda İsveçin “Malmö” klubu ilə qarşılaşacaq.

Paylaş

// pop up