Maksim, Fabio, Samir, Mahir yaxşı oynadı
19 Noy 2009
Maksim, Fabio, Samir, Mahir yaxşı oynadı
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində təşkil olunmuş beynəlxalq turnir çərçivəsində bu gün keçirilən Azərbaycan - Çexiya oyunundan sonra millimizin baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi internet saytına fikirlərini bildirib: «Bugünkü qələbəyə görə ilk növbədə futbolçuları təbrik etmək lazımdır. Çünki Çexiya millisinin güclü olmasına baxmayaraq, biz daha yaxşı oyun nümayiş etdirdik. İkinci qolun vurulmasına çox sevindim. Dəfələrlə künc zərbələri ilə bağlı məşq etmişik. Bu dəfə istəyimizə nail olduq - Vaqifin küncdən zərbəsini Ruslan qola çevirdi. Güman edirəm ki, futbolçular öz klublarında məşqlərini bu səviyyədə davam etdirəcəklər.
Turnirdəki ilk matçda - İraq yığmasına qarşı birinci hissədə yaxşı oynadıq. Həmin oyunun ikinci hissəsi bu gün alındı”.
Almaniyalı mütəxəssis bəyəndiyi oyunçuların adlarını da açıqlayıb: “Samir, Fabio, Mahir və Maksim çox yaxşı oynadı. Fərhadın qol buraxmamağına görə çox sevindim. Əvvəlcədən bilirdim ki, rəqibə qarşı öz oyunumuzu göstərə bilsək, qalib gələcəyik. Onların güclü olmasına baxmayaraq, biz texniki cəhətdən üstün idik. Ancaq birinci hissənin son 10 dəqiqəsində pis oynadıq, daha çox müdafiədə olduq. Belə turnirlərdə iştirak etmək gənc komandanın təcrübəsini artırmaq baxımından son dərəcə vacibdir. Bizə bu sahədə tam şərait yaradığına görə şəxsən AFFA-nın prezidenti Rövnəq Abdullayevə dərin minnətdarlığımı bildirirəm”.