Maksim Medvedev:` Bu onların son şansıdır`

single-news
10 Apr 2012

Maksim Medvedev:` Bu onların son şansıdır`



`Qarabağ`ımız premyerliqanın sonuncu turunda `İnter`lə bərabərliyə razılaşdı. Oyun gərgin məcrada davam etsə də, 75-ci dəqiqədə künc zərbəsi zamanı hücuma qoşulan Maksim Medvedev hesabı açdı. Bu cari mövsümə kimi rəsmi oyunlarda qol sevinci yaşamayan 22 yaşlı müdafiəçinin premyerliqada son 3 oyunda 2-ci qolu oldu. Maksim saytımıza ilk öncə son oyun haqda fikirlərini bölüşüb:`İnter` mübarizəyə üstünlük verən futbol nümayiş etdirir. Müəyyən bir sistemləri var, ondan kənara çıxmırlar. Biz qol vurduqdan sonra daha yaxşı oynamağa başladıq. Əfran və Raufla qola yaxın olduq. Hər şeyin bitdiyi anda `İnter` hesabı bərabərləşdirdi. Təbii ki, belə çətin oyunda qələbə qazanmaq istəyirdik. Üstəlik, belə məqamda 3 xalı vermək heç yaxşı olmadı. Amma qarşıda 5 oyun var. Üstəlik, kubokun da yarıfinalındayıq. Sona qədər mübarizə aparacağıq.`
Maksim adətən `Qarabağ`ımızın künc zərbələri zamanı müdafiə mövqeyində qərarlaşır. Maraqlıdı ki, müdafiəçimizin belə standardlar zamanı  rəqib qapısına getməsi effekti olur. Premyerliqanın IV turunda  `Qəbələ`ylə oyunda hücuma qoşulan `5` nömrə komandamıza penalti qazandırmışdı:`Adətən, künc zərbələri zamanı Qurban müəllim məni arxada saxlayır. Rəqibin  mümkün olacaq sürətli hücumlarına görə. Bu oyunda Əfranla Rauf start heyətində olmadığına görə baş məşqçimiz matçdan öncə standard vəziyyətlərdə irəli getməyi tapşırmışdı. Qol vurmağımda Telinin sona qədər mübarizə aparmağının da rolu oldu. Hə, düzdü, `Qəbələ`ylə oyun da standard vəziyyətdən penalti qazandırmışdım. Amma harda daha effektli olmağıma baş məşqçi qərar verir.  Yaxşı mövqe seçməyimi mənim deməyim düzgün olmaz.`
Maraqlıdı ki, `Qarabağ` çempionatda ən az qol buraxan 2 komandadan biri olmaqla yanaşı, müdafiəçilər də məhsuldarlığı ilə seçilir. İndiyə kimi, Rəşad Sadıqovla Maksim 2, Aqolli və Teli hərəyə bir dəfə fərqləniblər. Deyəsən, müdafiəçilərin faydalı iş əmsalının daha faydalı olduğu önə çıxır:`Deməzdim ki, hücumçularımız zəifdi. Sadəcə, biz 4-müz və öndə oynayan Namiqlə uzun müddətdir birlikdə çıxış edirik. Bu da bizim işimizə yaxşı mənada təsir göstərir. Yaxşı anlaşmamız qapımızı toxunulmaz  saxlamağa kömək edir.`
Maksim `Qəbələ` ilə oyun barəsində nikbindir:`Cari mövsüm artıq 6-cı dəfədir `Qəbələ` ilə qarşılaşacağıq. Amma hələ ki, qələbəmiz yoxdur. Məncə, artıq tilsimi qırmaq zamanıdır. Düzdü, qəbələlilərin hücum xətti olduqca güclüdür.Barton, Mendi, Dodo, Kamanan hər birinin güclü tərəfləri var. Üstəlik, bu `Qəbələ` üçün avrokubok yolunda son şans olduğuna görə oyuna yüksək mötivasiya ilə çıxacaqlar. Amma biz də eyni məqsəd üçün ora yollanacağıq`
    

Paylaş

// pop up