Maksim Medvedev:`Daha yaxşı oynayacağıq`
12 Yan 2012
Maksim Medvedev:`Daha yaxşı oynayacağıq`
`Qarabağ`ımız qış fasiləsindən sonra hazırlıqlarını sürətləndirib. Suraxanı qəsəbə stadionunda çalışmlarını davam etdirən komandamızın məşqlərində sadəcə zədəli Rəşad Sadıqov və icazəli Admir Teli iştirak etmir. `Qarabağ`ımızın müdafiəçisi Maksim Medvedev yeni ildə saytımıza hazırlığı və hədəflər haqqında danışıb. 22 yaşlı müdafiəçi hər tərəfli danışıb:` Hardasa 20 günlük izin vardı. Hələ ki, adaptasiya gedir məşqlərə. Normal şəkildə hazırlaşırıq. Əsas hazırlığımız Antalyada olacaq. İndi yavaş-yavaş futbol havasına giririk. Mövsümün ilk yarısını 4-cü pillədə bitirməyimizi normal dəyərləndirirəm. Daha doğrusu, gözlənilməz xal itkisi olmasaydı daha yaxşı olardı. `Sumqayıt-Şəhər`ə 5 xal verməsəydik indi liderdən cəmi 3 xal geridəydik. Təbii ki, indi bunu düşünmək bizə heç nə vermir. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. Komanda olaraq özümüzə inanırıq. Son oyunlarda qol buraxmamağımız sadəcə müdafiənin əməyi deyil. Komanda şəkilində düzgün oynamağımızın nəticəsidir. Həmin məntiqlə niyə çoxlu qol vura bilmirik? Deməzdim ki, qol şanslarımız olmur. Sadəcə `son nöqtə`ni qoymaq problemi var. Bunu da həll etdikdən sonra daha məhsuldar oynayacağımıza inanıram. Yeni oyunçular? Əlbəttə, güclənsək pis olmaz. Zədə, cəza kimi amillər mövsümboyu problem yarada bilər. Adətən qışdan sonra daha uğurlu çıxış edirik. İnanıram ki, bu dəfə də bu ənənəni davam etdirəcəyik. Çempionluq uğrunda mübarizə çətin olsa da, biz heç vaxt hədəfsiz mübarizə aparmırıq. Cari mövsüm ən xoş təsir bağışlayan heş şübhəsiz, `İnter`dir. `Bankir`lər məhdud imkanlara baxmayaraq arzu və intizamlı oyun üslubuyla rəğbət yaradır. Baxımlılıq nəzərindən `Neftçi`ni qeyd etməliyəm. `Qəbələ`nin isə fiziki hazırlığını vurğulamaq lazımdır. İnanıram ki, 2-ci yarı olduqca maraqlı olacaq. Çempionun kimliyi haqqında danışmaq tezdir. Zənnimcə, `6`lıqda hər şey dəyişə bilər. Final mərhələsində hər oyun dəyişikliyə səbəb ola bilər. Amma biz ancaq öz oyunumuz haqqında fikirləşməliyik.`