Maksim Medvedevdən yeni rekord

Maksim Medvedevdən yeni rekord
Maksim Medvedev “Qarabağ”ımızın tarixində mütləq rekorda sahib çıxıb. 30 yaşlı müdafiəçimiz komandamızın heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Premyer Liqanın XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Maksimin “Qarabağ”ımızın heyətində ümumilikdə 395-ci oyunu olub.
2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda əsas komandamızda məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.
Regional yarışlar nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən klubumuzda ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.
Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Medvedev cari mövsümün gedişində “Qarabağ”ımızın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi.