Məğlubedilməz “Xəzər-Lənkəran" (HET-TRİK, 03.04.2006)

single-news
3 Apr 2006

Məğlubedilməz “Xəzər-Lənkəran" (HET-TRİK, 03.04.2006)



"Karvan"dan xal almağı bacaran "Qarabağ" Lənkərana da ümidlə yollanmışdı. Oyunun əvvəli Ağdam klubunun üstünlüyüylə keçdi. Artıq 12-ci dəqiqədə "Qarabağ" hesabı aça bilərdi. Di gəl ki, Mübariz Orucovun cərimə meydançası xətti üzərində qapıya vurduğu zərbə tirin üstündən keçdi. Buna kimi isə Egidius Yuşka zədələnərək Namiq Yusifovla əvəzlənmişdi. Ümumiyyətlə, ilk yarıda "Qarabağ" bir neçə dəfə hesabı açmağa yaxın olsa da, futbolçular dəqiq oynaya bilmədi. İkinci yarıda isə ssenari dəyişdi. Bu dəfə hücum edən tərəf cənublular idi. Bunun da nəticəsi olaraq 54-cü dəqiqədə Alim Qurbanov hesabı açmağa müvəffəq oldu. Daha sonra Robert İlyeş hesab arasındakı fərqi artırdı. Oyun elə bu hesabla da başa çatdı. Bununla da Cənub təmsilçisi ikinci dövrə başlayandan məğlubiyəsizlik seriyasını daha bir tur uzatdı. Viktor Pasulko ("Xəzər-Lənkəran"ın baş məşqçisi): "İlk hissədə meydanın mərkəzini "Qarabağ"a verdik. Daha çox cinahlardan hücuma keçmək istəyirdik. Bu, birinci hissədə öz bəhrəsini vermədi. Buna görə də fasilədən sonra taktiki gedişlər etdik və sonda qələbə qazandıq". Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Əsas oyunçularımızdan Romal Hüseynov, Samir Musayev və Zoran Çelinşek bu gün oynamırdılar. Yuşka isə zədəsini yenicə sağaldıb. Ancaq o, oyunun əvvəlində zədələnib meydanı tərk etdi. Bu da oyun üslubumuzu pozdu. Futbolçular yaranan fürsətlərdən istifadə etsəydilər, hesab başqa cür olardı. Bizdən fərqli olaraq rəqib belə şanslarını qaçırmadı".

Paylaş