MEHMET AK TƏƏCCÜBLƏNİR

single-news
28 Noy 2008

MEHMET AK TƏƏCCÜBLƏNİR



“Qarabağ”ımız son oyunlarda möhtəşəm futbol nümayiş etdirir. Artıq 8 oyundu məğlubiyyətin nə olduğunu bilməyən kollektivimiz getdikcə sürət yığmaqdadır. Komandamızın son saniyələrə qədər mübarizə aparması fiziki hazırlığın nə dərəcədə ön planda olmasını göstərir.  Mövsüm başlamadan öncə “Qarabağ”ımızdan ayrılan, Qurban Qurbanov baş məşqçi postuna gətirildikdən sonra yenidən yuvasına dönən koordinatorumuz Mehmet Akın qiyməti bəllidir. Təsadüfi deyil ki, çalışdırıcımız Qurbanov açıqlamalarının birində ən böyük transferlərinin Mehmet Ak olduğunu bildirmişdi.

Komandamızın fiziki hazırlığının belə əla olmasında üzümüzü güldürən daha bir amil isə son oyunlarda uğurla çıxış edən kollektivimizdə yerli futbolçuların çoxluğudur. Amma qəribədir ki, iddialılar arasında ən çox yerli futbolçunun “Qarabağ”ımızda olmasına baxmayaraq millinin məşqçilər korpusunun diqqətini cəlb etmir. Mehmet Ak da məhz bu haqda fikirlərini bölüşdü:” “Qarabağ” hal-hazırda premyerliqada ən yaxşı fizki hazırlığa malik komandadır. Hər halda son matçlarda bütün Azərbaycan bunun şahidi oldu. İstər “İnter”, istərsə də “Xəzər-Lənkəran” matçlarında 9 yerli futbolçuyla oynadıq. Halbuki rəqiblərimiz də eyni sayda legionerdən istifadə edirdi. Heç də onlardan  geri qalmadıq. Əksinə daha yaxşı mübarizə apardıq. Bu da göstərir ki, hər şeyin futbolçunun özündən asılıdır”

Amma Mehmet bəy belə mücadiləyə rəğmən futbolçularının milliyə çağrılmamasının səbəblərini başa düşə bilmir:” Sadəcə, Fərhadla Vaqif milliyə çağrılır. Başqa iddialılarda yerli futbolçu tapılmazkən, biz də Aftandil Hacıyev, Emin İmaməliyev, Maksim Medvedev, Zaur Həşimov, Namiq Yusifov mütəmadi olaraq əsas heyətdə oynayır. Aslan Kərimovla, Zaur Ramazanovu başa düşdük ki, yaş amilinə görə millidən uzaq qalıb. Amma adlarını sadaladığım futbolçular bütün kriteriyalara cavab verir. Bu gün Aftandildən əla formada olan son müdafiəçi varmı? Maksim bir neçə ildən sonra Avropada oynayacaq amma hələ də milliyə çağrılmayıb. Özü də hal-hazırda gəncləşdirmədən danışılır. Bu gün Azərbaycanda Maksim yaşda ikinci bir istedad yoxdur. Mənə həqiqətən də maraqlıdır ki,  “Qarabağ”ın sağ cinahı 19  yaşlı uşağa tapşırılır və başarıyla oynamasına baxmayaraq diqqətindən kənarda qalır. Eyniylə Eminin, Namiqin də forması göz qabağındadır”.

Paylaş

// pop up