“Mən o futbolçulardan deyiləm ki, 6 aydan bir klub dəyişim” (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
“Mən o futbolçulardan deyiləm ki, 6 aydan bir klub dəyişim” (apasport.az)
“Hazırda milli komandanın düşərgəsindəyəm və bütün diqqətimi qarşıdakı 2 oyuna yönəltmişəm. Bu qarşılaşmaların nəticəsi Azərbaycan futbolu üçün çox önəmlidir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.
28 yaşlı yarımmüdafiəçinin 3 ildir şərəfini qoruduğu “Qarabağ”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Artıq komandanın əsas futbolçusuna və kapitanına çevrilən Sadiqov gələcəkdə də Ağdam təmsilçisinin heyətində oynamaq istəyir: “Mən o futbolçulardan deyiləm ki, altı ayda, bir ildə klub dəyişim. İstəyirəm ki, getdiyim yerdə möhkəmlənim və uzun müddət oynayım. Artıq 3 ildir ki, bu klubun uğurları üçün çalışıram. Yayda müqaviləm başa çatacaq. Yəqin ki, ünvanıma dəvətlər də gələcək. Həmin vaxt “Qarabağ” rəhbərliyi ilə söhbətləşəcəyik. Əgər ortaq məxrəcə gəlsək, çıxışımı davam etdirəcəyəm”.
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla çox yaxşı münasibətdə olduğunu deyən Sadiqov qərarında baş məşqçi amilinin böyük önəm kəsb edəcəyini gizlətməyib: “Qurbanovla yaxşı münasibətim var. Yeni müqavilə ərəfəsində bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər Qurban müəllim müqaviləsini artırıb qalsa, mən də qalaram”.
Qeyd edək ki, Sadiqov 70 oyun keçirdiyi “Qarabağ”dan öncə, “Xəzri” (Buzovna), “Şəfa” (Bakı), MOİK (Bakı) və “Neftçi” klublarının formasını geyinib. O, 2006-cı ildən fasilələrlə dəvət aldığı milli komandada 11 oyunda forma geyinib.