Məzmunsuz və qolsuz oyun ( HET-TRİK,26.04.2006)

single-news
26 Apr 2006

Məzmunsuz və qolsuz oyun ( HET-TRİK,26.04.2006)



"NEFTÇİ" BU DƏFƏ "QARABAĞ"LA BACARA BİLMƏDİ Matçın əhəmiyyətindən danışmağa məncə, ehtiyac yoxdur. Meydanda "Neftçi" ilə "Qarabağ" çıxırsa, sözsüz ki, bu oyuna maraq böyük olacaq. Hələ matçın necə gərgin idman mübarizəsi şəraitində keçəcəyindən danışmıram. Meydan sahibləri 3-5-2 taktiki düzülüşünə üstünlük vermişdi. Müdafiədə Valeri Abramidze, Rəşad Sadıqov və Elnur Allahverdiyev yer almışdısa, dayaq yarımmüdafiəçisi mövqeyində Aftandil Hacıyev çıxış edirdi. Yarımmüdafiənin mərkəzində Rəşad Sadiqovla Svetoslav Stefanov, sağ və sol cinahlarda isə müvafiq olaraq Zaur Tağızadəylə Aqil Məmmədov oynayırdı. Hücumda isə Tomislav Mişura-Branimir Subaşiç cütlüyü yer almışdı. Bir məqamı diqqətinizə çatdıraq ki, Tomislav Mişura ikinci dövrə başlayandan ilk dəfə idi ki, əsas heyətdə meydana çıxırdı. Heyətdən də göründüyü kimi "Neftçi" oyuna itkilərlə çıxmışdı. Komandanın pleymeykeri Vadim Borets, eləcə də dayaq yarımmüdafiəçisi Aleksandr Çertoqanov zədə üzündən oyunu buraxmalı olmuşdular. Qonaqlar da 3-5-2 taktiki düzülüşünə üstünlük vermişdi. Arxa xətdə Bojan İliç, Sergey Sokolov və Azər Məmmədov, dayaq yarımmüdafiəçi mövqeyində isə Aslan Kərimov yer almışdı. Yarımmüdafiənin sol cinahında Mübariz Orucov, əks mövqedə Namiq Yusifov oynayırdısa, mərkəzdə Romal Hüseynovla Qoqo Beraya mövqe seçmişdi. Baş məşqçi Böyükağa Ağayev hücumda Samir Musayevlə Elmir Xankişiyevə etimad göstərmişdi. Oyunun əvvəli sürətli başladı. Artıq ikinci dəqiqədə qonaqlar hesabda irəli çıxa bilərdi. Lakin Samir Musayevin zərbəsindən sonra top qapıdan azca aralı keçdi. Bu, "Qarabağ"ın ilk hissədə "Neftçi"nin qapısı önündə yaratdığı birinci və sonuncu təhlükəli vəziyyət idi. Meydan sahiblərinin həmlələri zamanı müdafiəçi Abramidze sağ cinahdan irəliləyərək hücuma dəstək verirdi. Lakin o, mövqeyini tərk edərkən oyundaşları Valerini sığortalamadığından, müdafiədə boşluqlar yaranırdı. Elə buna görə də birinci hissənin ortalarından etibarən müdafiəçini irəlidə görmədik. Çempion matçın taleyini elə ilk hissədəcə həll edə bilərdi. Əgər Subaşiçlə Mişura qol imkanlarından yararlana bilsəydilər. Hər iki epizodda Zaur Tağızadə sağ cinahdan qapı önünə ötürmə etsə də, futbolçular onlara heç kimin mane olmadığı halda çərçivəni düzgün nişan ala bilmədilər. İkinci hissəyə "Neftçi" əvəzetməylə başladı. Hücumda başarısız olan Mişuranın yerinə meydana zədəli Georgi Adamiya daxil oldu. İrəli gedərək söyləyim ki, Adamiya çox canfəşanlıq etsə də, onun da komandaya əhəmiyyətli dərəcədə xeyri dəymədi. Fasilədən sonra komandalar əsasən qapılarının toxunulmamazlığı haqda düşünürdülər. Xüsusən də "Qarabağ"…Rəqibi əks-hücumda yaxalamağa çalışan Ağdam təmsilçisi bu istəyinə nail ola bilmədi. "Neftçi" də bir o qədər hücum etmirdi. Daha doğrusu, Ağdam futbolçuları buna imkan vermirdilər. İkinci hissənin ən maraqlı məqamı isə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrə təsadüf etdi. Məcburiyyətdən meydana çıxan Nadir Nəbiyevə qarşı rəqibin cərimə meydançası daxilində kobudluq edildi. Müdafiəçi arxadan Nadirin formasından tutaraq onu yerə yıxsa da, referi Vüsal Əliyev davam işarəsi göstərdi. Kubokun ilk qarşılaşmasında tərəflər meydanı qolsuz bərabərliklə tərk etdi. Bununla da cütlüyün taleyinə Suraxanıda keçiriləcək oyundan sonra aydınlıq gələcək. Ağasəlim Mircavadov ("Neftçi"nin baş məşqçisi): "Neftçi" - "Qarabağ" oyunu həmişə gərgin olur. Hücumçulardan çox narazıyam. Mişurayla Subaşiç bütün Azərbaycana göstərdi ki, bu oyunda qol vurmamaq lazımdır. Hakimdən də narazıyam. "Qarabağ"ın qapısına təmiz penaltini vermədi. Ancaq "Neftçi"nin qapısına olsaydı, verərdi". Böyükağa Ağayev ("Qarabağ"ın baş məşqçisi): "Şanslarımızı yaxşı bilirik. "Neftçi" həm çempionatda, həm də kubokda mübarizə aparır. Bundan istifadə etməli idik. Əsas məqsədimiz qol buraxmamaq idi, bunu bacardıq. Oyunu əks-hücumda qurmuşduq. "Neftçi"nin orta xətti, uşaqları oynamağa qoymadı".

Paylaş