Yanvarın 15-də start götürən Bakı Beynəlxalq Futzal Turnirinə dünən yekun vuruldu. Yarış Azərbaycan millisinin qələbəsi ilə başa çatdı. Komandamız final qarşılaşmasında Qazaxıstan yığmasına 4:3 hesabı ilə qalib gəldi. Final oyunundan əvvəl keçirilən 3-cü yer uğrunda görüşdə isə klubların yığma komandası Gürcüstan millisinə 2:1 hesabı ilə qalib gəldi. Final oyunu başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi başladı. AFFA prezidentinin səlahiyyətlərini icra edən Elşad Nəsirov çıxış edərək turnirin iştirakçısı olan bütün komandalara minnətdarlığını bildirdi, onlara gələcək yarışlarda uğurlar arzuladı və futzal turnirinin ənənəvi xarakter alacağını dedi. Veteran futbolçu Ələkbər Məmmədov da çıxış edərək futzalçılara xoş arzularını çatdırdı. Çıxışlar başa çatdıqdan sonra komandalar AFFA tərəfindən mükafatlandırıldı.