Mircavadov penaltidən danışdı (futbol+, 27.04.2006)

single-news
27 Apr 2006

Mircavadov penaltidən danışdı (futbol+, 27.04.2006)



Pasulko məğlubiyyətsiz irəliləyir Ölkə kuboku 25 aprel 1/4 final, ilk oyun MKT-Araz - Xəzər-Lənkəran 0:1 1/2 final, ilk oyun Neftçi - Qarabağ 0:0 Srağagün ölkə kuboku uğrunda mübarizəni davam etdirən komandaların iştirakıyla daha iki oyun keçirildi. Nə qədər qəribə olsa da, bu matçların hərəsi bir mərhələyə aid idi. Düzdü, hələ 9 il əvvəl penaltilərə ehtiyac duymayıb iki oyun və əlavə vaxtdan sonra üçüncü qarşılaşmanı zəruri saymış AFFA-dan belə yenilik də gözləmək olardı. Özü də dünən başlayan 1/4 final matçlarının eyni - neytral arenada keçirilməsi və rəqiblərin növbəylə nominal meydan sahibi olması da oyunlara əlavə özəllik bəxş edirdi. Deyəsən, yenə imişlililər evdəki yenilgidən sonra mübarizədən kənar qalacaq. Xatırladaq ki, ötən il onlar 1/2 finalı evdə “Bakı”ya elə indi olduğu kimi bir qolla yenilməklə əldən vermişdi. Həm də komandanın bu yarışda 4-dən artıq qələbə qazanması yenə mümkün olmur. Axı həm onlar, həm də “Xəzər-Lənkəran” kubokun arxada qalan oyunlarında 4 qələbəni sıralamışdı. Turnirin ən məhsuldar iki komandasının nəticəsi ləğv olunan matçları istisna olmaqla, itkisiz irəliləməsi də qeyd olunmalıdı. 14 qolu olan “MKT-Araz” yalnız orta məhsuldarlığda ikinciydisə, cənublular ümumiyyətlə, 17 qol vurub, hələ də qapısını toxunulmaz saxlamaqla hamıdan fərqlənir. Elə “Şəfa”dakı matçda da nominal qonaqlar qol buraxmamaqla minimal fərqli qələbə qazandı. Viktor Pasulko isə gəlişiylə yenilməzlik gətirib. Heç-heçə bitən və nəticəsi ləğv olunan iki oyunu da saysaq, ukraynalı mütəxəssis ölkəmizdə keçirdiyi 12 matçda qələbə və sülhləri yarı bölüb. Ardıcıl 4-cü kubok oyunuda qol buraxmayan “Neftçi” isə 24-cü rəsmi matçında da yenilmədi. Amma bu qolsuz heç-heçə daha çox “Qarabağ”ın xeyrinə olan nəticədi. Bir sözlə, flaqmanın iki əsas rəqibini çempionatda büdrədən ağdamlılar paytaxt təmsilçisinin “paxıl olmamasından” yararlanmağa yaxındı. Klubun vitse-prezidenti Ramin Musayev bir müddət əvvəl “biz paxıl deyilik, kubok başqasının olsun” deməklə bu yarışın onlar üçün ikinci dərəcəli olduğunu etiraf etmişdi. “Qarabağ” hər iki titulu 5-ci dəfə hədəfləyən “Neftçi”ni kubokdan kənar qoyarsa, paytaxt təmsilçilərinin bu yarışdakı hegemonluğunun sonu indidən rəsmiləşə bilər. Axı son dəfə 6 il əvvəl bu mükafat paytaxtı təmsil etməyən komandaya nəsib olmuşdu. Maraqlıdı ki, məhz həmin həlledici oyun “Qarabağ”ın finalda son iştirakıydı. ------------------------------------------------------------------------------------ Mircavadov penaltidən danışdı “Mişurayla Subaşiç Azərbaycana nümayiş etdirdi ki, necə qol vurmamaq olur” Neftçi (Bakı) - Qarabağ (Ağdam) 0:0 Neftçi: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Tomislav Mişura (Georgi Adamiya, 46), Aqil Məmmədov (Nadir Nəbiyev, 64), Branimir Subaşiç, Zaur Tağızadə (k), Svyatoslav Stefanov. Baş məşqçi: Ağasəlim Mircavadov. Qarabağ: Cahangir Həsənzadə, Azər Məmmədov, Sergey Sokolov, Romal Hüseynov, Aslan Kərimov (k) (Zoran Çelinşek, 85), Samir Musayev, Elmir Xankişiyev, Namiq Yusifov, Mübariz Orucov, Bojan İliç, Qoqa Beraya. Baş məşqçi: Böyükağa Ağayev. Vərəqələr: S.Musayev, 35. S.Stefanov, 57. - sarı. Hakimlər: VÜSAL ƏLİYEV, Elman Musayev, Azər Əsgərov (hər üçü Bakı), Rövşən Əhmədov (Mingəçevir). Hakim-inspektor: Akif Fəttahov (Bakı). AFFA nümayəndəsi: Məlik Həsənov (Bakı). 25 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı. Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub. Tərəflərin indiyəqədərki bütün görüşləri gərgin mübarizəyə səhnə olsa da, soyuq hava onsuz da azarkeş sarıdan korluq çəkən tribunaların böyük hissəsinin sahibsiz qalmasına səbəb oldu. Buna baxmayaraq, həm soyuğu hiss etməmək, həm də sevimli komandalarına sonadək lazımi dəstək verə bilmək üçün azsaylı azarkeşlər özlərinə necə lazımdı “əl qatdı”. Amma nə yazıq ki... “Ağ-qaralar”dan fərqli olaraq “Qarabağ”ın kuboka necə önəm verdiyini xusisi vurğulamaq artıqdı. Hələ komandalar meydana çıxmazdan öncə soyunub-geyinmə otağına baş çəkən Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəlin futbolçularla təmas qurması da bundan xəbər verirdi. Yeri gəlmişkən, bu zaman konfrans zalının qarşısındakı dəhlizdə əynində “ağ-qaralı” forma olan futbolumuzun balaca talismanı Arazla üz-üzə gələn Gözəlin onu bağrına basıb başında əks olunan ay-ulduzdan öpməsi də diqqətdən yayınmadı. Oyuna gəlincə, “Qarabağ”dan fərqli meydan sahiblərinin heyətində itkilər daha çox idi. Belə ki, komandanın pleymeykri Vadim Borets və dayaq yarımmüdafiəçisi Aleksandr Çertoqanov zədəli olduqlarından matçı tribunadan seyr etməli oldu. Bununla belə, yığmanın düşərgəsində zədələnən Nadir Nəbiyevin qarşılaşmadan bir gün öncə qəzetimizə verdiyi açıqlamada hələ ağrılar hiss etdiyini deməsinə baxmayaraq, Mircavadov onun adını da matçın protokoluna daxil etmişdi. Bunu formallıq xatirinə atılan addım kimi qəbul etsək də, Nadirin matçın gedişində meydana daxil olması təəccübümüzə səbəb oldu. Görünür, start heyətdə yer alan Mişura - Subaşiç cütlüyünün inamsız oyunu təcrübəli mütəxəssisi risqə vadar etdi. Eyni taktiki düzülüşlə sahəyə çıxan komandalar oyuna kəşfiyyatsız başladı. Və artıq 3-cü dəqiqədə Samir Musayev qarşılaşmanın ilk təhlükəli vəziyyətini yaratdı. Rəqibin cərimə meydançasının önündə Abramidzedən ustalıqla sıyrılıb “çərçivə”ni nişan almağa çalışan hücumçunun zərbəsinin qarşısını son anda yenə Abramidze kəsdi. Bununla belə, istiqamətini dəyişən top qapı dirəyindən az fərqlə aralı keçdi. Bu epizodda top qapıya getsəydi, əks istiqamətə tullanan Miçoviç də komandasına kömək edə bilməyəcəkdi. Qonaqların ilk həmlələri sanki “ağ-qaralar”ı ayıltdı. Meydanın mərkəzini qısa “döyüş”dən sonra ələ keçirən meydan sahibləri dəqiqələr ötdükcə hücumlar təşkil etməyə də başladı. Və bu dəqiqələrdən sonra məlum oldu ki, qonaqlar əslində 3-5-2 taktiki sxemiylə deyil, tək hücumçuyla oynamağı planlaşdırıb. Belə ki, ilk dəqiqələrdən Musayevlə hücumda duet təşkil edən Elmir Xankişiyev qarşılaşmanın əksər hissəsini arxada oynadı. Ağayevin yetirmələri əks-hücumlar zamanı da irəlidə çoxala bilmirdi. Bu isə ağdamlıların hücumlarının kəsərini azaldırdı. “Neftçi”nin yaratdığı ilk təhlükəli vəziyyət qonaqların müdafiəçisi Azər Məmmədovun risqli hərəkətindən sonra yaşandı. Millinin oyunçusu cərimə meydançasının həndəvərində Aqil Məmmədovu aldadıb keçmək istəsə də, səhvə yol verdi. Topu ələ keçirən “Neftçi”nin sol cinah yarımmüdafiəçisi bir qədər irəlilədikdən sonra əlverişli mövqe seçən Subaşiçə ötürmə versə də, özünü yetirən müdafiəçilər onun topa zərbə endirməsinə mane oldu. 28-ci dəqiqədə “ağ-qaralar”ın növbəti hücum cəhdi az qala qolla nəticələnəcəkdi. Amma sağ cinahdan Zaur Tağızadənin ideal ötürməsini Mişura boşa verdi. Bu epizodda Cahangir də inamlı oynadı. İlk yarıya əlavə olunmuş dəqiqədə “Neftçi” Subaşiçin ifasında növbəti yüzfaizli qol imkanını boşa verdi. Bu dəfə də Zaurdan ötürmə alan Subaşiç yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. İkinci hissə son 10 dəqiqəni çıxmaq şərtilə sönük keçdi. Bu dəqiqələrdə komandalar yalnız hərəyə bir dəfə rəqib qapıçıları narahat edə bildi. Amma nə 60-cı dəqiqədə Subaşiçin uzaq məsafədən qüvvətli zərbəsi, nə də beş dəqiqə sonra Mübariz Orucovun cərimə meydançasının içərisindən vuruşu dəqiq olmadı. Heç-heçəylə barışmaq istəməyən meydan sahibləri son dəqiqələrdə fəallığı xeyli artırdı. “Ağ-qaralar”ın artan təzyiqi az qala 88-ci dəqiqədə bəhrəsini verəcəkdi. Çıxışda səhvə yol verən Cahangirin önündə yerə dəyib başı üzərindən arxasına düşən topa Subaşiç yetişsəydi... Matça əlavə olunmuş dəqiqələr oynanılarkən isə meydanda “ağ-qaralar”ın kəskin etirazına səbəb olan hadisə yaşandı. Cərimə meydançasına arxası qapıya tərəf daxil olmaq istəyən Nadirin qarşısını kəsən müdafiəçinin kobud oynadığını iddia edən meydan sahiblərinin narazılığına baxmayaraq, Vüsal Əliyev penalti vermək istəmədi. “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov media nümayəndələri üçün təşkil edilən konfransda hakimin komandasına qərəzli davrandığını iddia etdi: “Bizim qapımıza olsaydı, penalti verəcəkdi. Heç etiraz da etməyəcəkdik. Çünki bu epizodda yüzfaizli qayda pozuntusu var idi. Amma əsas günahı özümüzdə axtarmalıyıq. Mişurayla Subaşiç Azərbaycana nümayiş etdirdi ki, necə qol vurmamaq olur”. Qonaqların çalışdırıcısı Böyükağa Ağayev isə bu matça yaxşı hazırlaşdıqlarını, buna baxmayaraq yetirmələrinin meydanın mərkəzində rəqibə uduzduqlarını bildirdi.

Paylaş