MOLLA ƏMİ, BİZƏ BİR DUA YAZ DA, NƏ OLAR?!

single-news
22 May 2008

MOLLA ƏMİ, BİZƏ BİR DUA YAZ DA, NƏ OLAR?!



SALEH ARSLAN

 

 

Artıq daha bir futbol mövsümünü geridə qoymaq üzrəyik. Sona doğru yaxınlaşdıqca həyəcanın bu həddə çatmasının artıq bir neçə ildir ki, şahidi oluruq. Son həmişə haqq-hesab deməkdir. Alınanların və əldə edilənlərin tərəziyə qoyulub nəticənin çıxarılmasıdır sonlar. İndi hər kəsin diqqəti son tura yönəlib. Çempion kim olacaq, bizi Avropada necə təmsil edəcək və sair kimi düşüncələr isə baş deşməkdədir…

Hər zaman orijinal iddiaları ilə seçilən Azərbaycan cəmiyyətində indi qəribə bir fikir formalaşıb. Deyirlər ki, guya çempionatımızda şeytan əməli var. Əstəğfürullah! Gül kimi müasir ad – Premyer Liqa – tapdığımız çempionatımıza niyə geridəqalmış fikirləri dürtürlər, anlamıram. Allah eşqinə, heç rəvadırmı? Doğrudur, şeytan əməli, yani cadu hələ çox-çox qədimlərdən günümüzə qədər gələn bir şeydir. Hətta müqəddəs Quran da bu əməllə məşğul olanların varlığını isbat və lənət edir!

Başqa klubları deyə bilmərəm, amma mənim «Qarabağ»ın halına bərk acımağım tutub (qəribə cümlə alındı, bismillah, şeytan həndəvərimdə fırlanır, nədir). Deyəcəksiniz ki, nolub «Qarabağ»a ki, ona acıyırsan. Taleyin gərdişinə baxın,  ötən il çempionluğun taleyini həll edən bir komandanın «qızıl»a qovuşmasının açarı məhz «Qarabağ»dadır. Amma bu cadu söhbəti çıxandan sonra, açığı, bir balaca pəjmürdə olmuşam. Çünki ortada molla söhbəti var. Deyilənə görə, həmin mollalar hər oyunda stadiona gəlirlər. Necə deyərlər, işlərini elə işbaşında görürlər. Hə, bax, «Qarabağ»ın futbolçularının çoxu gənclər və yeniyetmələrdir. Necə deyərlər, subay-sultan oğlanlardır. Olmadı elə, oldu belə – «Qarabağ» o oyunda şeytan əməlinə (təbii ki, əgər varsa) qalib gəldi və… Təsəvvür edirsiniz də, nələr yaşanar? Amma mən onu da təsəvvürümə gətirirəm ki, tilsimlərinin qırılması həmin o mollalara necə təsir edər. Allah uzaq eləsin, bir də gördün elə stadiondaca «Qarabağ»ın futbolçularının hərəsinə bir dua yazdılar və bəxtlərini bağladılar. Paaahhh, ondan sonra gəl bu uşaqları subayçılıqdan çıxar. İraq-iraq. Hə, bax mənim də nigarançılığım məhz bu məsələyə görə idi. Odur ki, yazımın hərflərini «Qarabağ»ın rəhbərliyinə tutub deyirəm ki, nəbadə, son oyuna mollasız çıxasınız. Futbolçularınızı da oyuna çıxmazdan əvvəl dualarla «zirehləndirin». Ya da bir də gördün qəzəblənmiş mollalar bir dua ilə «Şəfa»nın külünü göyə sovurdular. Məndən demək idi, gerisini siz düşünün. Azərbaycanın gələcəyi naminə, stadionlara mollasız çıxmayın!

P.S. İllərdir Azərbaycan futbolunun inkişafını, milli komandamızın, klublarımızın qitə birinciliklərində mərhələ keçmələrini həsrətlə gözləyirik. Sən demə, ağılsızlıq etmişikmiş, çarə mollalar imiş. Təklif edirəm ki, futbol təsərrüfatında işləyən hər kəs özünə bir molla tutsun və futbolumuzdakı problemlərdən qurtulmağımız üçün dua yazdırsın. Yaxın gələcəkdə stadionlarımızın qarşısında «Hərəyə bir molla tutaq» şüarını və «Təcrübəli molla çempionluğa oynayan klublara öz xidmətini təklif edir» elanlarını görsəniz, təəccüblənməyin.

P.S.S. Futbol qəzetlərində son turun oyunlarının təqdimatını yazan həmkarlarıma manşetlik başlıqlar da məndən: «Son turda mollaların dueli», «Çempionluğun taleyini mollalar həll edəcək» və ya «Kimin mollası daha güclüdür?». Necədi, yeri var?

Paylaş

// pop up