Mövsümün ilk het-triki Samirdən gəldi (çempion, 11.08.2006)

single-news
11 Avq 2006

Mövsümün ilk het-triki Samirdən gəldi (çempion, 11.08.2006)



QARABAĞ - ŞAHDAĞ = 3 - 1 ”Qarabağ”: 12. Cahangir Həsənzadə, 2. Hüseyn İsgəndərov, 5. Sergey Sokolov (6. Xaliq Mərdanov, 72), 17. Bojan İliç, 7. Romal Hüseynov, 8. Aslan Kərimov (k), 11. Elmir Xankişiyev, 15. Mübariz Orucov, (18. Ramiz Hüseynov, 63), 16. Samir Abbasov, 9. Samir Musayev, 20. Kənan Kərimov (10. Müşfiq Hüseynov, 70) Baş məşqçi: Böyükağa Ağayev ”Şahdağ”: 16. Tariyel Hüseynov, 3. Şiti Taured, 7. Zahir Əsgərov (k), 8. Namiq Adilov (13. Kamran Əlibabayev, 77), 9. İsabala İsrafilov (5. Fair Əmirquliyev, 46), 10 Zeynalabdin Hüseynov, 11. Zaur Məmmədov (18. Şahmar Abdullayev, 55), 14. Nodar Məmmədov, 17. Əhməd Ticani, 20. Timur İsrafilov, 23. Darius Miçlea Baş məşqçi: Sabir Əliyev Qollar: S. Musayev, 46; 61; 78 - Ə. Ticani, 15 Sarı vərəqələr: Z. Hüseynov, 11: B. İliç, 16, Ş. Taured, 32 Hakimlər: Rövşən Əhmədov, Azad Ə. Hüseynov, Elşən Durmuşov, Ramiz Əhmədov Hakim-inspektor: Eldar Qasımov Stadion: Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 200 tamaşaçı Birinci turda “Karvan”la görüşü təxirə salınan “Qarabağ” çempionatda ilk oyununu məhz “Şahdağ”la görüşdə keçirməli idi. Bu oyunda ağdamlılar dörd zədəli futbolçunun köməyindən istifadə etmirdilər. Görüş iki qardaşın dueli kimi də maraq doğururdu. Belə ki, Hüseynov qardaşlarından Romal “Qarabağ”ın, Zeynalabdin isə “Şahdağ”ın şərəfini qoruyur. Matçdan öncə hər iki komandanın kapitanları Aslan Kərimov və Zahir Əsgərov himnin sədaları altında bayrağımızı göyə qaldırdılar. Oyunun əvvəli nisbətən aşağı tempdə keçdi. Matçın ilk dəqiqələrində Zeynalabdin Hüseynov Sokolovdan topu almağa cəhd etsə də, millimizin müdafiəçisi buna icazə vermədi. Lakin bu epizodda zədəsini təzələyən Sokolov 12-ci dəqiqədə yerini Xaliq Mərdanova verdi. Az sonra Zeynalabdin Hüseynov və Əhməd Ticaninin zərbələri qapının yanından keçdi. Bu arada Samir Musayev əla baş zərbəsi ilə hesabı aça bilərdi. Lakin qapı tiri forvardın sevinməsinə imkan vermədi. 22-ci dəqiqədə Zaur Məmmədov sağ cinahdan irəliləyib topu Ticaniyə ötürdü. Nigeriyalı isə güclü zərbə ilə topu doqquzluğa sancdı. Qol buraxdıqdan sonra özünə gələn “Qarabağ” hücuma atıldı. Belə epizodların birində Elmirin əla ötürməsindən sonra Kənan Kərimov topu düz qapıçının üstünə vurdu. Az sonra Kənan bu dəfə Samir Musayevin əla ötürməsi ilə qapıçı ilə təkbətək çıxdı, lakin yenə də onun zərbəsi çərçəvənin üstdən keçdi. Fasilə ərəfəsində Kərimov növbəti qol imkanını boşa verdi. Topu qapıçının başı üzərindən tora göndərən Kərimovun sevinməsinə Şiti Taured imkan vermədi. Fasiləyə 1:0 hesablı üstünlüklə yollanan qusarlılar ikinci yarı başlanan kimi ikinci qolu vura bilərdilər. Ticaninin zərbəsini Həsənzadə dəf etdi. Zaman göstərdi ki, məhz bu epizod oyunda həlledici oldu. İkinci hissənin ilk dəqiqəsi tamamlanmamış “vurmayana vurarlar” prinsipi işə düşdü. Samir topu qapıçının yanından tora göndərdi. Bu ərəfədə Zaur Məmmədov rəqiblə toqquşmada zədələndi. Xəstəxanaya aparılan yarımmüdafiəçinin sonradan qolunun sındığı öyrənildi. 60-cı dəqiqədə Aslan Kərimovun zərbəsini boş qapıdan Zeynalabdin Hüseynov çıxardı. Hücumun davamında Musayev dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxardı. Bu qoldan sonra maraqlı bir hadisə baş verdi. Belə ki, görüşü izləyən Romal Hüseynovun oğluna “əmin uduzur” dedikdə uşağın ağlaması diqqətimizdən yayınmadı. Bundan sonra daha bir epizodda qol şansını qaçıran Kənan Kərimovu baş məşqçi Böyükağa Ağayev Müşfiq Hüseynovla əvəzlədi. 80-cı dəqiqədə isə Müşfiqin ötürməsindən sonra Samir Musayev mövsümün ilk het-trikini rəsmiləşdirdi. Beləliklə, 3:1 hesablı qələbə qazanan “Qarabağ” üç xal qazandı. Böyükağa Ağayev (”Qarabağ”ın baş məşqçisi): “Altı zədəli futbolçumuz vardı. Onlardan Mübariz və Sergeyi iynə ilə meydançaya buraxmışdım. Qol imkanlarımız çox olsa da, onlardan istifadə edə bilmirik”. Sabir Əliyev (“Şahdağ”ın baş məşqçisi): “Birinci hissədə uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Ancaq ikinci hissədə bu olmadı. Qolların üçünü də qapıçının səhvindən buraxdıq. Hakimlərdən narazıyam. Onlar həmişə güclü komandaların xeyrinə olan qərarlar qəbul edirlər”.

Paylaş