Muarem Muarem:` Əsas mənim qol vurmağım deyil,`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5592.jpg)
15 Mar 2012
Muarem Muarem:` Əsas mənim qol vurmağım deyil,`
`Qarabağ`ımız ölkə kubokunun ¼ final mərhələsində `Qəbələ`ylə qarşılaşdı. Komandamız oyuna yaxşı başlasa da, ev sahibləri ilk fərqlənənlər oldu. 2-ci yarı başlar-başlamaz Rauf Əliyev status-kvonu bərpa etsə də, Dodo qəbələliləri yenidən hesabda önə keçirdi. Hər kəs oyunun bu hesabla başa çatacağını düşündüyü anda oyuna sonradan daxil olan Muarem Muarem şıq zərbəylə görüşü heç-heçəyə bitirdi. `Qarabağ`ımızda qol hesabını açan Makedoniya millisinin yarımmüdafiəçisi saytımıza təəssüratlarını bölüşüb:`Kubok mücadiləsində səfərdə qol vurmaq çox vacibdir. Oyuna heç də pis başlamadıq. Amma oyunun gedişində 2 dəfə geriyə düşdük. Son dəqiqələrdə vurduğumuz qol bizi cavab görüşünə bir qədər rahat getməyimizə şərait yaratdı. Amma bu o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. `Qəbələ`nin olduqca sürətli hücum xətti var. Ona görə də sadəcə ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə. Əslində demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. `Bakı` və `Kəpəz`lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim. Əsas mənim qol vurmağım deyil, komandanın başarılı olmasıdır. Təbii ki, qol vurmaq özünə əminlik gətirir. Hər 2 cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Adaptasiya ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik.`