Müsahibə: TAHER GÖZƏL: “LƏNKƏRAN SƏFƏRİ HƏMİŞƏ RADİKAL QƏRARLAR QƏBUL ETMƏYİMƏ SƏBƏB OLUB!”
10 Noy 2006
Müsahibə: TAHER GÖZƏL: “LƏNKƏRAN SƏFƏRİ HƏMİŞƏ RADİKAL QƏRARLAR QƏBUL ETMƏYİMƏ SƏBƏB OLUB!”
“Qarabağ” Futbol Klubu Ölkə Çempionatının növbəti turunda Lənkəran şəhərinə səfər edərək, məğlubiyyətsizlik seriyasına son qoydu. Oyunun ilk hissəsində əzmkar oyunu ilə rəqibə heç bir şans verməyən komandamız ikinci hissədə bəzi çatışmamazlıqlar səbəbindən qapısından iki top buraxdı. Komandası ilə həmişə bir olmağa çalışan Klubun Vitse-Prezidenti Taher Gözəl də bu məğlubiyyətin canlı şahidi oldu. Matç sonrası Klub rəhbərinə bir neçə sualla müraciət edərək onun komandası haqqında fikirlərini öyrəndik:
- Klub rəhbəri kimi bu gün “Qarabağ”ın məğlubiyyətinin səbəbini nədə görürsünüz?
- Mən oyun başa çatan kimi komandamın bütün futbolçularının əlini sıxıb, onlara bacardıqlarını etdiklərinə, əzmkar futbol göstərdiklərinə görə təşəkkür etdim. Mən onların hər birindən tam razıyam. Məğlub olmamızın səbəbini futbolçularda yox, mən rəhbərlikdə axtarıram. İdarəetmədə olan boşluqlar komandamın məğlubiyyətinə bu gün böyük ölçüdə təsir etdi. Işlərimin çoxluğundan mən də əvvəlki turlarda komandama bir qədər az vaxt ayırdım. Onlarla birgə ola bilmədim. İkinci yarıda bu boşluqları aradan qaldırmaq əsas məqsədimiz olacaq.
- Dediyiniz “İdarəetmədə olan boşluqlar”ı necə aradan qalırmağı düşünürsünüz?
- İlk növbədə futbolçularımda bu gün ikinci hissədə yorğunluq hiss elədim. Fiziki hazırlığa daha çox diqqət yetirmək üçün professional fiziki hazırlıq məşqçisinə eytiyac hiss elədim. Bu böyük ehtimalla əcnəbi məşqçi olacaq. Bundan başqa digər bəzi fikirlərim var ki, bunları da birinci dövrənin başa çatdığından sonra reallaşdığı halda görəcəksiniz.
- Bunu azarkeşlərimiz həm də yeni legioner futbolçu gətirilməsi kimi başa düşə büşsünlərmi?
- Əlbətdə ki, daha güclü heyət üçün komandanın güclü futbolçulara eytiyacı var. Mən əvvəldə dediyim “futbolçularımdan bu gün tam razıyam” kəlməsi həm də legioner futbolçulara şamil olunmalıdır. Onlarda bu gün bacardıqlarını etdilər. Sevinirəm ki, “Qarabağ”a gələn futbolçulara da yerli futbolçularımızın əzmkarlığı sirayət edir. Onlar da əzmkarligi ilə komanda oyununa bir rəng qatırlar. Legionerlərimizdən yalnız Hakan Dəmir hələ ki, öz oyununu göstərə bilmir ki, bu da onun adaptasiya prosesi ilə əlaqədar olduğunu yaxın zamanlarda şahidi olacaqsınız.
- Futbolçulara bu qədər inam nədən irəli gəlir?
- Bu gün mən oyuna hazırlıqdan başlayaraq, oyun bitəndən sonra onların simalarındakı cizgiləri müşahidə elədim. İnanın ki, bu gün futbolçularım qələbəyə layiq futbol göstərmələri üçün vuruşdular. Lakin dediyim kimi, bizim səhvlərimiz onların meydanda məğlubiyyətinə səbəb oldu. Mən həmişə Lənkəran şəhərinə səfərimdən sonra bəzi radikal qərarlar qəbul edirəm ki, bu da komandanın sonrakı zamanda fəaliyyətinə təsir edir. Bu gün də belə oldu. Bu qərarların komandanın uğuruna töhvə verəcəyinə inanıram. Ayrıca, Lənkəran Klubunun fanatlarına minnətdarlığımı bildirirəm. Onların “Qarabağ” bizimdir, bizim olacaq!” şüarını çox bəyəndim. “Qarabağ” bizim hamımızındır.
- Qarşıda “Qarabağ”ı daha bir çətin sınaq gözləyir. Rəqib daha bir iddialı “Karvan” klubudur. Bu oyun haqqında fikirləriniz?
- Bu gün daha iki aparıcı futbolçumuz cəza səbəbindən qarşıdakı oyunu burxacaq. Buna baxmayaraq, “Qarabağ” öz əzmkarlığını bu oyunda da sərgiləyəcəyinə inanıram. Mən komandamın yanında olacağam və bütün “Qarabağ” sevərləri də bu oyuna baxmağa dəvət edirəm. Futbolçularımız bizi məyus etməz...