MÜŞFİQ HÜSEYNOV: "AĞDAM HƏR ZAMAN GÖZLƏRİM ÖNÜNDƏ CANLANIR" (AYNA, 17.09.2005)

single-news
17 Sen 2005

MÜŞFİQ HÜSEYNOV: "AĞDAM HƏR ZAMAN GÖZLƏRİM ÖNÜNDƏ CANLANIR" (AYNA, 17.09.2005)



Müşfiq Hüseynovu idman həvəskarlarımız çox yaxşı tanıyırlar. Uzun müddət "Qarabağ"ın şərəfini qoruyan təcrübəli futbolçu ölkəmizdəki başqa klublarda çıxış etməklə yanaşı, İranda da oynayıb. Müşfiq Hüseynovun altı il əvvəl İntertoto Kuboku yarışında Ağdam klubunun "Makkabi" (Hayfa) cəddini aşmasında böyük rolu olub. Futbolçunun səfərdə iki qol vurması "Qarabağ"ın İsrailin ən güclü kollektivlərindən birini turnirdən uzaqlaşdırmasına gətirib çıxarıb. Müşfiq Hüseynovun 35 yaşı olmasına baxmayaraq, o, bu gün də Ağdam klubunun heyətində çıxış edir və iştirak etdiyi 3 oyunda artıq 2 dəfə fərqlənib. "14 YAŞIMDA KOMANDANIN ƏSAS HEYƏTİNƏ DÜŞDÜM" - Futbola 6 yaşında gəlmişəm. İlk məşqçim Azərbaycanın milli qəhrəmanı, mərhum Allahverdi Bağırov olub. 14 yaşımda Ağdam klubunda debüt etmişəm. Bundan bir il sonra doğma komandamın bütün matçlarında meydana çıxaraq sona qədər oynamışam. 28 yaşımadək "Qarabağ"ın şərəfini qorumuşam. Arada 1 il "Kəpəz", "Neftçi", 2 il İran klublarında və sonra "MKT-Araz"da oynamışam. - Yeniyetmə yaşında klubun heyətinə düşmək çətin olmadı ki? - Əlbəttə, çətin oldu. O zaman futbolçular çox olduğundan rəqabət güclü idi. Oyunçuların hamısına "əmi" və "dayı" olaraq müraciət edirdim. İlk növbədə heyətə düşmək lazım idi. Bunun üçün əlimdən gələni edərək bir neçə ay ərzində özümə yer etdim. - Seçdiyin peşə orta məktəbdə təhsil alarkən maneçilik törətmirdi? - Məşqlər adətən axşam olurdu. Qeyd edim ki, mənim futbola gəlişimdə qardaşım Yaşar böyük zəhmət çəkib. O, hər məşqə gedəndə 4-5 yaşımda arxasınca gedirdim. Onların oynadığı futbola baxdıqca həvəsim daha da artırdı. 8 yaşım olarkən 14 yaşlılara qarşı oynamışam. Hətta son yaş qrupunda keçirilən yarışda iştirak edərək qol vurmuşam. - Futbola "İmarət" stadionunda gəlmisən. Hərdən yurd-yuva, o yerlər yuxuna girirmi? - Hərdən olur. Uzun müddət keçsə belə, doğma torpaqlarımızı qətiyyən unutmaq olmaz. Ağdam hər zaman gözlərim önündə canlanır. - Artıq uzun müddətdir həm də Ağdamsızıq. Bundan sonra işğal altındakı torpaqlarımızın azad ediləcəyinə ümid etmək olarmı? - Əlbəttə! İnanıram ki, yaxın gələcəkdə öz yurd-yuvamıza qayıdacağıq. ... "HƏR ZAMAN QƏLBİM "QARABAĞ"la DÖYÜNÜB" - Karyeran ərzində legioner həyatı da yaşamısan. İrana üz tutmağının əsas səbəbi nə idi? - Futbolumuzda durğunluq dövrünə görə. Özümü kənarda göstərmək istədim və uğurlu alındı. "Peykan"da 15 dəqiqəlik baxışdan sonra bəyənildim. Ardından "Mis Kerman"da oynadım. - Qonşu ölkədən niyə ayrıldın? - Açığı, çox darıxırdım. Həmin dövr atam vəfat etdi və bunun da mənə mənfi təsiri oldu. Digər tərəfdən, ailə vəziyyətimə görə də. - Orada azərbaycanlılara münasibət necə idi? - Pis deyildi. Demək olar ki, bütün komandalarda azərbaycanlılar oynayırlar. - Səncə, İran futbolu bizimkindən üstündür? - Qətiyyən. Sadəcə, qonşu ölkənin futbolçuları fiziki keyfiyyətlərinə görə irəlidədirlər. Lakin texnika və digər cəhətlər baxımından onlardan üstünük. - Bilirik ki, doğma komandandan başqa, digər klublarımızın da şərəfini qorumusan. Bu, nə ilə bağlıdır? - "Qarabağ"dan ayrılmağımın səbəbləri olub və bunları açıqlamaq istəməzdim. Hər hansı kollektivdə çıxış edən istənilən futbolçu komandasına sadiq olmalıdır. Digər klublarda oynadığım müddətdə qəlbim "Qarabağ"la döyünüb və azarkeşlik etmişəm. - Azərbaycan futbolunda haqsızlıq çoxdur. Sənə qarşı da ədalətsizlik edənləri bağışlayırsanmı? - Bağışlamasaydım, bu gün "Qarabağ"da olmazdım. ... "KARYERAMI UĞURLA BAŞA VURMAĞI DÜŞÜNÜRƏM" - Legionerlərin axınına münasibətin necədir? - Azərbaycana gətirilən əcnəbilər ilk növbədə səviyyəli olmalıdırlar. Amma elələri gəlir ki, bizə baxıb futbol öyrənirlər. Halbuki əksinə olmalıdır. - "Milliləşdirmə məsələsi"nə necə baxırsan? - Mənfi. Öz futbolçularımız yığmada oynamalıdırlar. Fikrimcə, əcnəbiləri milliləşdirib əsas komandada oynatmağın bizə xeyri olmayacaq. Aşağı yaş qrupunda olan futbolçuları yetişdirmək lazımdır. - Artıq 35 yaşın var və komandanın ən yaşlı futbolçusu sənsən. Karyeranı bitirmək barədə düşünmürsən? - İstəyirəm ki, karyeramı uğurla başa vurum. Məqsəd "Qarabağ"ın heyətində ya çempion olmaq, ya da ölkə kubokunu qazanmaqdır. Yeri gəlmişkən, komandamıza hərtərəfli dəstək verdiyi üçün "Azərsun Holdinq" şirkətinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

Paylaş

// pop up