Müşfiq Hüseynov: "Elə legionerlərimiz var ki, bizə baxıb futbol oynamağı öyrənir" (525-Cİ QƏZET, 19.11.2005)

single-news
19 Noy 2005

Müşfiq Hüseynov: "Elə legionerlərimiz var ki, bizə baxıb futbol oynamağı öyrənir" (525-Cİ QƏZET, 19.11.2005)



Müşfiq Hüseynov futbol azarkeşlərinə yaxşı tanışdır. Uzun müddət "Qarabağ"ın şərəfini qoruyan təcrübəli futbolçu ölkəmizdəki bir neçə klubda çıxış etməklə yanaşı, İranda da oynayıb. Ağdam klubunun ən çətin vaxtlarında komanda yoldaşları ilə çiyin-çiyinə mübarizə aparan M.Hüseynovun kollektivin uğurlarında böyük xidmətləri olub. Altı il əvvəl İntertoto Kuboku yarışında "Qarabağ"ın "Makkabi" (Hayfa) səddini aşmasında futbolçunun rolu xüsusi qeyd olunmalıdır. Belə ki, Hüseynovun səfərdə iki qol vurması "Qarabağ"ın İsrailin ən güclü kollektivlərindən birini turnirdən kənarlaşdırmasına səbəb oldu. 35 yaşı olmasına baxmayaraq, o, bu gün də Ağdam klubunun şərəfini qoruyur və iştirak etdiyi 7 oyunda artıq 3 dəfə fərqlənib. "KOMANDANIN ƏSAS HEYƏTİNƏ 14 YAŞIMDA DÜŞDÜM" - Futbolla 6 yaşımdan məşğulam. İlk məşqçim Azərbaycanın Milli Qəhrəmanı, mərhum Allahverdi Bağırov olub. 14 yaşımda Ağdam klubunda debüt etmişəm. Bundan bir il sonra doğma komandamın bütün matçlarında meydana çıxaraq sona qədər oynayırdım. 28 yaşımadək "Qarabağ"ın şərəfini qorumuşam. Arada 1 il "Kəpəz", "Neftçi", 2 il İran klublarında və sonra "MKT-Araz"da oynamışam. - Çox güman ki, yeniyetmə ikən klubun heyətinə düşmək çətin oldu... - Əlbəttə! O zaman futbolçular çox olduğundan rəqabət də güclü idi. Oyunçulara əmi və dayı deyə müraciət edirdim. İlk növbədə heyətə düşmək lazımıydı. Bunun üçün bacardığımı edərək bir neçə ay ərzində klubda yerimi müəyyənləşdirdim. - Bəs, seçdiyin peşə təhsilinə maneçilik törətmirdi? - Məşqlər adətən axşam olurdu. Qeyd edim ki, mənim futbola gəlişimdə qardaşım Yaşar böyük zəhmət çəkib. O, hər məşqə gedəndə 4-5 yaşım olsa da arxasınca gedirdim. Onların oynadığı futbola baxdıqca həvəsim daha da artırdı. 8 yaşım olarkən 14 yaşlılara qarşı oynamışam. Hətta son yaş qrupunda keçirilən yarışda iştirak edərək qol da vurmuşam. - Futbola gəlişin "İmarət" stadionunda olub. O yerlər yuxuna girirmi? - Olur. Uzun müddət keçsə də, Ağdam hər zaman gözlərim önündə canlanır. - Artıq nə vaxtdır ki, həm də Ağdamsızıq. Ümidin ölməyib ki? - Qəti. İnanıram ki, yaxın gələcəkdə öz yurd-yuvalarımıza qayıdacağıq. Məkkədə ziyarətdə olanda da Böyük Allahdan yeganə diləyim bu oldu. "ARXA XƏTDƏ OYNAMAQ ÇƏTİNDİR" - Məlumdur ki,, futbolda hücumçuların üzərinə böyük məsuliyyət düşür. Yəqin, əvvəlcədən bunu nəzərə alaraq, belə yükün altına girmisən. - Bəli. Uşaqlıqda yarımmüdafiə xəttində oynamışam. Tədricən hücuma meyl göstərərək qollar vurdum və məşqçilər ön xətti mənə həvalə etdilər. - Necə düşünürsən, hansı xətdə oynamaq daha çətindir? - Orta xətdə. Yarımmüdafiəçinin üzərinə böyük məsuliyyət düşür, oyunçuları topla məhz o, təmin etməlidir. - Sən də ona görə hücumçu oldun? - Xeyr, qol vurmaq bacarığıma görə belə addım atdım. Digər tərəfdən, o vaxt orta xətdə güclü oyunçular var idi. Topla lazımınca təmin olunduğumdan hücumda oynamaq asan idi. - Təcrübəli bir forvard kimi ölkə futbolunda "vuran ayaqlar"ın az olmasını nə ilə əlaqələndirirsən? - Bu, uşaq futbol məktəbindən asılıdır. Qeyd etdiyiniz amilə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən, hücumçu öz üzərində çox işləməlidir. - Qoleodorluq üçün konkret nə tələb olunur? - İlk növbədə topu hiss etmək vacibdir. Mövqe seçməyi bacarmalı və soyuqqanlı olmalısan. Ancaq futbolumuzda hücumçular çox vaxtı həyəcanlı olurlar. - Qapı və müdafiə xəttində necə, sözünü deyə bilərsənmi? - Açığı, oyunlarda bunları sınaqdan keçirməmişəm. Amma deməliyəm ki, arxa xətdə oynamaq çətindir, çünki müdafiədə ən xırda səhv qolla nəticələnə bilər. - Ehtiyatlandığın müdafiəçilər olubmu? - Bəli. Elşad Əhmədov və Aslan Kərimovu xüsusi qeyd etmək istərdim. Birinci artıq karyerasını bitirib, ikinci ilə "Qarabağ"da oynayırıq. Digər komandaların müdafiəçilərindən isə qətiyyən çəkinmirəm. ........

Paylaş

// pop up