Müşfiq Hüseynov karyerasını başa vurmaq üçün “Qarabağ”a qayıdır (ÇEMPİON, 11.07.2005)

single-news
11 İyl 2005

Müşfiq Hüseynov karyerasını başa vurmaq üçün “Qarabağ”a qayıdır (ÇEMPİON, 11.07.2005)



”Qarabağ”ın son vaxtlar çətin vəziyyətə düşdüyü heç kimə sirr deyil. Oyunçuların əksəriyyətinin klubu tərk etdiyi bir vaxt ağdamlılar yenidən Müşfiq Hüseynova üz tutdular. “Qarabağ”ın agır vaxtlarında həmişə yardım etmiş veteran futbolçu indi də doğma komandasına kömək etməyə hazırdır. Bu gün klub rəhbərliyi ilə görüşüb “Qarabağ”a keçib-keçməyəcəyinə aydınlıq gətirəcək oyunçu ilə görüşdük. - Keçən mövsüm heç də oyunun istədiyin kimi alınmadı. Bunun səbəbi nə idi? - Səbəb çox idi. Bırıncı dövrədə başımdan zədə aldım. İki-üç ay zədəmi müalicə etdirdim. Hətta həkim mənə bir müddət futbol oynamağı qadağan etmişdi. Ona görə də oyunlarda tam gücümlə oynaya bilmirdim. - Həmişə bombardirlər sırasında yer alsan da, bu mövsüm fərqlənə bilmədin. Bunu da zədə ilə bağlamaq olarmı? - Əlbəttə. Düzdür, ikinci dövrədə oynamağımın səbəbləri başqa idi. - Hansı səbəblər? - İlk dövrənin axırlarında komandanı tərk etmək istəsəm də, bu alınmadı. Sonradan baş məşqçi Nadir Qasımovla aramda anlaşılmazlıq yarandı. Bu problem sonradan həllini tapdı. Amma zaman-zaman bu özünü göstərirdi. - “MKT-Araz”dan ayrılmağının səbəbi nə idi? - Ayrılığın kökündə “Qarabağ” var. Bu kluba keçmək istədiyimdən daha imişlililərlə anlaşmaqdan imtina etdim. - Maraqlıdır, bəs keçən il “Qarabağ”dan niyə ayrıldın? - O vaxt təzə gələn baş məşqçi İqor Ponomaryov məni görməmişdən qabaq komandadan getməyimi istəmişdi. Açığı, bu mənim üçün də gözlənilməz oldu. Amma mənim elə xasiyyətim var ki, heç vaxt heç kimin üzünə qayıtmıram. Ona görə də komandadan ayrıldım. - Sənin komandada qalmağın “Qarabağ”a nə dərəcədə xeyir verərdi? - Oyunla deyə bilmərəm. Amma ən azı “Qarabağ”a mənəvi dayaq olardım. Nələrinsə qabağın alardım. - Nəyi nəzərdə tutursan? - Qıraqdan da elə görünürdü ki, komandadaxili 4-5 nəfər yığışıb qruplaşmalar yaradıb. Ən azı bunların qabağın ala bilərdim. - Səncə, keçən il “Qarabağ”ın uğur qazanmamasının başqa səbəbi var idimi? - Elə düşünürəm ki, yox. Yalnız qruplaşmalar onların istəklərinə mane oldu. Oyunçuların əksəriyyətinin fikirləri başqa yerdə idi. Orada birlik olsaydı, nəticə daha da yüksək olardı. - “Qarabağ”ın oyunçularının əksəriyyətinin getməsi klubu pis vəziyyətdə qoyub. Belə bir vəziyyətdə yenə sənin köməyinə ehtiyac duyurlar. Həmişə olduğu kimi Müşfiq indi də “Qarabağ”ı xilas etmək üçün qayıdır? - “Qarabağ” belə vəziyyətləri çox görüb. Hər dəfə də bu problemlərin həlli yolunu tapıb. O ki qaldı mənə, həmişə “Qarabağ”a yardım etməyə hazır olmuşam. İndi də doğma klubuma yardım etmək istəyirəm. - Klubla müqavilənı nə vaxt bağlayacaqsan? - Sabah (söhbət dünən olub-red.) saat 11-də iclas keçiriləcək. Ora məni də çağırıblar. Siz dediyiniz məsələyə, yəqin ki, orada aydınlıq gələcək. - “Qarabağ” növbəti mövsümdə yenə də iddialı ola biləcəkmi? - Hazırda heyətdə cəmisi 9 oyunçu qalıb. Amma boşda qalan futbolçulardan yaxşı kollektiv yarada bilərik. Sadəcə, bizə vaxt lazımdır. İnanıram ki, növbəti mövsümdə çempionluğa olmasa da, yüksək yerlər uğrunda oynaya bilərik. - Deyəsən, bu mövsüm karyeranı başa vuracaqsan? - Doğrudur. Son illər bəzi adamlar zəiflədiyimi və futboldan getməli olduğumu deyirlər. Buna görə onları qınaya da bilmirəm. Amma keçirdiyim son mövsümdə onların yanıldığını sübut etməyə çalışacağam. Sübut edəcəyəm ki, 35 yaşında da yüksək səviyyədə oynamaq olar. Bir də arzum bu olub ki, karyeramı “Qarabağ”da başa vurum.. Bundan sonra isə “Qarabağ”ın uşaq futbol məktəbində məşqçi işləmək istəyirəm.

Paylaş

// pop up