Müşfiq “Qarabağ”la sözdə razılığa gəlib (futbol+, 13.06.2006)
13 İyn 2006
Müşfiq “Qarabağ”la sözdə razılığa gəlib (futbol+, 13.06.2006)
Kim nə danışır-danışsın, qələbəmizi qazandıq”
“Qarabağ”ın kubokun finalında “Karvan”ı udmasında Müşfiq Hüseynovun müstəsna xidməti oldu. Məhz sonradan meydana çıxan təcrübəli hücumçunun ötürməsindən sonra Samir Musayev komandasının qələbə qolunu vura bildi. Bir-iki gün əvvəl isə Hüseynovun “Qarabağ”dan ayrılacağı haqda xəbər eşitdik. Müşfiq futbolçk karyerasını bitirib Ağdam klubunda məşqçi kimi fəaliyyətə başlamalıydı. Ancaq dünən söhbətləşdiyimiz futbolçu iki gün öncə rəhbərliklə görüşdüyünü bildirdi və...
- “Qarabağ”dan ayrılacağım haqda xəbəri sizin qəzetdən oxudum. Bu gün rəhbərliklə görüşdüm, onlar məsələyə aydınlıq gətirdi. Hələ ki komandada qalmağımı istəyirlər. Demək olar ki, sözdə razılaşmışıq.
- Səhv etmirəmsə, “Qarabağ”la müqavilən başa çatmışdı.
- Bəli, müqavilə müddətim bitmişdi. Amma yenə deyirəm, sözdə razılığa gəlmişik.
- Özün komandada qalmaq istədin?
- Bəli. Hələ ki oynamağa özümdə güc hiss edirəm. Nə vaxt hiss etsəm ki, gücüm tükənib, onda futbolla qurtaracam.
- Start heyətdə təsadüfi hallarda yer alırsan. Bu sənə pis təsir etmir ki?
- Niyə ki, əsas heyətdə də meydana çıxmışam. Hər şey məşqçinin istəyindən asılıdı. Əslində meydana nə vaxt çıxmağımın fərqi yoxdu. Oyunda çevriliş edə bilirsənsə, bu elə start heyətdə çıxış etmək kimi bir şeydi.
- Çevriliş etmək deyəndə yəqin kubokun finalını nəzərdə tutursan...
- Tək onu yox. “Olimpik”lə matçda da komanda uduzurdu. Mən meydana girəndən sonra hesab bərabərləşdi. Belə oyunlar çox olub. Təcrübəm var və bundan yararlanıramsa, deməli, oynaya bilərəm.
- UEFA kubokunda heç olmasa bir mərhələ adlamağa gücünüz çatacaq?
- Çalışacağıq hər şey yaxşı olsun. Hazırlığımızdan asılıdı. Uşaqlar can-başla hazırlaşsa, mehriban kollektiv olsa, istədiyimizi edə bilərik.
- “Qarabağ”ın güclənməyə çoxmu ehtiyacı var?
- Mənə elə gəlir ki, bu gün “Qarabağ”ın yaxşı kollektiv yaratmağa ehtiyacı var. Kollektiv yaxşı olandan sonra uğur da olur.
- Yəni bugünədək yaxşı kollektiv olmayıb?
- Belə deməzdim. Kollektivi düzəltmək lazımdı. Bu da klubda olan 7-8 nəfərdən asılıdı. Onlar mehribançılıq yaratsa, qalanları da onların başına yığışacaq. Amma üç nəfər bir tərəfə, dörd nəfər başqa tərəfə dartacaqsa, bu parçalanmaya gətirib çıxarar.
- Dediklərindən belə başa düşdüm ki, “Qarabağ”dakı mühitdən narazısan...