Müşviq Hüseynov:`Ev oyunlarında daha yaxşı oynamalıyıq`
6 Yan 2012
Müşviq Hüseynov:`Ev oyunlarında daha yaxşı oynamalıyıq`
`Qarabağ`ımız hələ də istirahətdədir. Yanvarın 10-da yığışacaq komandamız ayın 14-nə kimi Bakıda çalışacaq. Yeni ilin ilk günlərindən mövsümü uğurla davam etdirmək üçün planlar cızan komandamızın üzvləri bazamıza gedib-gəlir. `Qarabağ`ımızın əfsanəvi futbolçularından biri, hazırda məşqçi kimi çalışan Müşviq Hüseynov `Qarabağ`ın durmunu dəyərləndirib:`Hazırda 4-cü yerdə qərarlaşmağı müzakirə etmək yox, mövcud durumdan nəticə çıxarmaq vacibdir. Biz öz işimizi görürük. Ötən mövsümlə müqayisə etsək hələ heç nəyin itmədiyini görərik. Keçən qışa qədər 3 oyun qalmışdısa indi 4 matçımız var final mərhələsinə qədər. Ona görə də gələcəyə ümidlə baxırıq. Gözlənilməz nəticələrə gəlincə, bunu konkret nəyləsə əlaqələndirmək düzgün olmazdı. Bəlkə də `Qarabağ`ın son zamanlar qazandığı xüsusi nüfuz rəqibləri əlavə motivasiya edir. Amma bu il bizim əsas problemimiz ev oyunlarından yaxşı yararlana bilməməyimiz oldu. 5 məğlubiyyətin 4-nü doğma divarlar arasında almışıq. Səfərdə cəmi 1 dəfə uduzmuşuq ki, onda da `Neftçi`ni 2:0 udarkən məğlub olmuşuq. Məncə doğma arenada nəticələrimizi yaxşılaşdırsaq daha yuxarı pillələrdə qərarlaşa bilərik. Təbii ki, futbolçularımızın davamlı oynaması onları yorub. Amma bunu bəhanə kimi istifadə etmək niyyətindən uzağıq. Yeni futbolçulara gəlincə, hər halda heyətin geniş olması seçim imkanını çoxaldır. Ən az qol buraxan 2-ci komandayıq. Son oyunlarda ümumiyyətlə qol buraxmamışıq. Ona görə də yarımmüdafiə və ön xətti gücləndirsək pis olmaz.`