Muzika cəzalandı, Aslan yox (ekspress,15.11.2006)

single-news
15 Noy 2006

Muzika cəzalandı, Aslan yox (ekspress,15.11.2006)



Növbəti oyunda yığma iki aparıcı oyunçusunun - Aslan Kərimovla Yuri Muzikanın xidmətindən məhrum ola bilər. Daha doğrusu, onların birinin cəzalandığı artıq bəllidi. Düzdü, Belçikayla qarşılaşmada rəqib oyunçu Musa Dembeleni vurmaqla onu təxribata çəkən və afrikalının meydandan qovulmasına nail olan Aslanın hakimin gözündən yayınan hərəkətinin cəzası hələ dəqiqləşməyib. Bu məsələyə UEFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclaslarının birində baxılacaq. Hər halda Kərimovun cəzadan yaxa qurtaracağı az inandırıcıdı. Çünki belçikalılar yığmanın kapitanının hərəkətini bağışlamaq niyyətində deyil və bununla bağlı qitənin futbol qurumuna şikayət də ünvanlayıb. Amma Muzikanın iki matçda forma geyməyəcəyi dəqiqləşib. Qeyd edək ki, o belçikalılarla görüşün fasiləsində meydandan qovulmuşdu. İlk yarıda kobud oyununa görə sarı vərəqəylə "mükafatlandırılan" yarımmüdafiəçi fasilədə baş hakimə yaxınlaşaraq hansısa epizodla bağlı etirazını bildirib. Onun sərt şəkildə irad bildirməsi latviyalı fit sahibi Romans Layukusun xoşuna gəlməyib və belədə Muzikaya ikinci "sarı"nı göstərib. Belədə "Karvan"lı oyunçu avtomatik olaraq qırmızı vərəqəylə cəzalandırılıb. Xoşbəxtlikdən baş məşqçi Şahin Diniyev onu birinci hissənin gedişində əvəzlədiyindən bu komandamızın azlıqda qalmasına səbəb olmamışdı. Amma Muzikanın iki yox, cəmi bir matçı buraxması da mümkündü. Belə ki, Polşa ilə gələn ilin martında baş tutacaq görüşdən sonra finlərlə qarşılaşmada Yura millidə ola bilər. Amma bunun üçün UEFA bizimkilərin müraciətinə baxaraq onun cəzasını bir oyuna endirməlidi.

Paylaş