Naci Şensoy: "Samiri "Qarabağ"a verməyəcəm" (FUTBOL+, 21.07.2005)

single-news
21 İyl 2005

Naci Şensoy: "Samiri "Qarabağ"a verməyəcəm" (FUTBOL+, 21.07.2005)



"Turan" artıq Türkiyədəki təlim-məşq toplanışını başa vurmaq üzrədi. Qızılcahamamda 4 oyun keçirən tovuzlular sabah vətənə dönür. Dünən komandanın baş məşqçisi Naci Şensoyla əlaqə saxladıqda bu gün də yoxlama matçında futbolçularını sınamaq istədiyini dedi. Rəqib isə Qızılcahamamda hazırlaşan Türkiyənin birinci dəstə komandalarından biri ola bilər. Şensoy qonşu ölkədəki təlim-məşq toplanışının kifayət qədər yaxşı keçdiyini və bunun komandaya çox xeyir verəcəyini dilə gətirdi: "Hər şey plan üzrə gedir. Həm "Turan", həm də Azərbaycan adına gözəl iş başardıq". "Turan" Dalibor Draqiçin ardından Kiril Nikolovla da birillik müqavilə bağlayıb. Üstəlik, Naci bəylə söhbətdə o da məlum oldu ki, tovuzlular "Qarabağ"da qalacağı söylənilən Samir Musayevlə anlaşıb: "Samir bizim oyunçudu. Artıq onunla birillik müqavilə bağlamışıq. Komanda Ankaraya gedən gün "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə söhbətim oldu. O vitse-prezident Tahir Gözəllə də söhbətləşəndən sonra "Samir sizin oyunçu olsun, Türkiyəyə apara bilərsiz" dedi. Sadəcə, səfər ərəfəsində olduğundan məsələni hüquqi tərəfdən həll edə bilmədik. İndi isə deyirlər ki, Samir heç yerə getməyəcək. Biz onlarla centlmencəsinə razılığa gəlmişdik. Əsas da budu. Rəsmi müqavilə anlaşmaya qanuni don geyindirməkdi. Biz isə insan kimi anlaşmışdıq. Azərbaycanda belə şeylərin olmasından üzülürəm. Bunları yığışdırmaq lazımdı. Kişi dediyi sözün üstündə durmalıdı. Onlar bizə razılıq verdiyindən Samiri apardıq. Məşqlər zamanı onun fiziki formasına ciddi fikir verib 4 kq artıq çəkisini aradan qaldırdıq. İndi başqa söz danışmaları centlmenliyə ziddi. Onsuz da Samiri "Qarabağ"a verməyəcəm".

Paylaş

// pop up