“Neftçi” əsas heyətlə oynasaydı belə, yenə qələbə qazanacaqdıq” (apasport.az)
“Neftçi” əsas heyətlə oynasaydı belə, yenə qələbə qazanacaqdıq” (apasport.az)
“Biz oyuna çox yaxşı konsentrasiya olmuşduq. Bütün diqqətimizi qələbə qazanmağa yönəltmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Georgi Adamiya deyib.
Premyer Liqanın hesabat turunda “Neftçi” ilə qarşılaşan Ağdam təmsilçisi Adamiyanın het-triki sayəsində 3:0 hesabı ilə qələbə qazanıb. Bununla da gümüş medal uğrunda mübarizəsini davam etdirən “Qarabağ” ümidini sonuncu tura bağlayıb.
Təbii ki, əyalət təmsilçisinin asan qələbə qazanmasında rəqibin gənclərə üstünlük verməsinin də rolu oldu. Lakin Adamiya bunun elə də əhəmiyyət kəsb etmədiyini düşünür: “Düzdür, “Neftçi” meydana gənclərdən ibarət heyətlə çıxdı. Ancaq bu, bizim üçün elə də fərq etmədi. Çünki oyuna ciddi hazırlaşmışdıq. Onlar əsas heyətlə oynasaydılar belə, qələbə qazanacaqdıq”.
“Neftçi” ilə oyunadək rəqib qapıçılarını 14 dəfə məyus edən hücumçu son matçda 3 qol vurdu və aktivindəki qolların sayını 17-yə yüksəltdi. Nəticədə Adamiya bombardirlərin yarışında “Neftçi”nin hücumçusu Bahodir Nasimovu qabaqlayıb, zirvəyə yüksəldi. Ancaq Adamiya qarşısına bombardir olmaq məqsədini qoymadığını açıqlayıb: “Bilirəm ki, bombardirlər yarışında birinci pilləyə yüksəldim. Ancaq bu elə də əhəmiyyətli deyil. Qarşıma bombardir olmaq məqsədi qoymamışam. Əsas olan komandanın qələbəsidir”.