“Neftçi" finala çıxmaq istəmədi (HET-TRİK, 05.05.2006)
5 May 2006
“Neftçi" finala çıxmaq istəmədi (HET-TRİK, 05.05.2006)
İlk matçdakı qolsuz bərabərlik şansları bərabərləşdirmişdi. Matçdan əvvəl heç bir komandaya tam üstünlük vermək olmurdu. Amma oyun başlayanda bəlli oldu ki…
… "Neftçi" qalib gəlməyə o qədər də həvəsli deyil. Bakılılar hücum etməyə cəhd də göstərmirdi. Müdafiədə top saxlamalarına baxmayaraq, irəli getməyə ərinən "ağ-qaralar" elə bil heç-heçəyə oynayırdı. Əvəzində "Qarabağ" ilk dəqiqələrdən fəallıq göstərdi. Miçoviçin qapısı qarşısında ilk təhlükəli vəziyyət 15-ci dəqiqədə yaransa da, zərbə yandan keçdi. Amma "Qarabağ" birinci hissədə hesabı açmağa müvəffəq oldu. Sağ cinahdan ötürülən topu müdafiəçilərin nəzarətsiz qoyduğu Samir Musayev boş qapıdan keçirdi. Bu hesab meydan sahiblərini növbəti mərhələyə çıxarırdı. Ancaq "Neftçi" yenə oynamaq istəmirdi.
Fasilədən sonra əvəzetmələrlə oyunun gedişini dəyişməyə çalışan Mircavadovun bu istəyi bəhrə verdi. Bütün komandayla qapı qarşısına sıxılan "Qarabağ" yavaş-yavaş qonaqların hücumlarını dəf etməkdə çətinlik çəkirdi. Xüsusilə də orta sahədə Çertoqanovla Rəşad Sadiqovun fəallığı "Neftçi"nin qol vurmasını labüd edirdi. Amma qonaqlar ikinci hissə ərzində cəmi bir dəfə real qol vəziyyəti yaratdı ki, onda da Nadir Nəbiyev topu qapıdan keçirmək əvəzinə auta göndərdi. Daha iki dəfə "Neftçi"nin futbolçuları Həsənzadəylə üz-üzə qalsalar da, yan hakim ofsayda işarə verdi.
Matçın sonlarına yaxın əsəblər xeyli gərilmişdi. Mübariz Orucovun yıxıldığını görən "Qarabağ"lılar topu auta çıxartdılar. Amma rəqibdən eyni centlemensayağı hərəkəti görməyən Aslan Kərimov Boretsə zərbə endirdi. Moldovalı da borclu qalmayıb ona cavab verdi. Ehtirasları Fariz Yusifovun hər iki futbolçuya göstərdiyi qırmızı vərəqə yatırdı. Bir neçə dəqiqə sonra final fitinin səsi eşidildi. Bu o demək idi ki, "Qarabağ" 6 illik fasilədən sonra ölkə kubokunun həlledici oyununa çıxmaq hüququ qazandı.