“Neftçi” ilk qolu ofsayddan vurubmuş ( FUTBOL+, 21.02.2006)
21 Fev 2006
“Neftçi” ilk qolu ofsayddan vurubmuş ( FUTBOL+, 21.02.2006)
Ötən tur yenidən müzakirə obyektinə çevrilən hakimliyə dünən qurumun oyunların təhliliylə bağlı yığıncağında baxılıb. Hakimlər Komitəsinin sədri Əli Hüseynov “Neftçi” - “Qarabağ” oyununun hakim-inspektor olmuşdu ki, əsas müzakirələr məhz bu matçda meydan sahiblərinin vurduğu birinci qolla bağlı idi. Həmin epizodda bayrağını qaldırmamaqla ofsaydı qeydə almayan Elman Musayevin aldığı qiymət onun səhvə yol verdiyinə işarədi. Əli bəy də bu qolun şübhəli olduğunu əvvəldən özü üçün yəqinləşdiribmiş. Oyunun videoyazısına dəfələrlə baxıldıqdan sonra oyundankənar vəziyyətin olduğu dəqiqləşib. Yol verdiyi səhvə görə Elmana 6,0 qiyməti düşür. Sadəcə, orta bal çıxarılarkən digər komponentlərdə aldığı qiymətlər də nəzərə alınıb və bu zaman Musayev 7,2 alıb.
8-dən aşağı qiymət almaq ədalət təmsilçilərinin cəzalanmaq ehtimalını ön plana çıxarsa da, Musayevi belə təhlükə gözləmir. Təsadüfi deyil ki, Elman bu tur təyinat alıb. Hüseynov Musayevin cəzalanmamasını hakimlərlə bağlı əsasnamədə göstərilənlərlə izah edir. Yəni səhv qərar lehinə olan komanda bir top fərqiylə qalib gəlsəydi, onda xətaya yol verən hakimi cəza gözləyərdi. Belədə birinci hissənin son dəqiqəsində buraxılan qolla oyunu “sınan” və nəticədə iki top fərqiylə yenilən “Qarabağ”ın düşdüyü vəziyyət nəzərə alınmır. Hüseynov Musayevin səhvini qərəzli yox, bilməyərəkdən yol verilən xəta kimi qiymətləndirilir. Əli bəy Elmanın aşağı qiymət almasını sonda mövsümün yekunlarına görə reytinqinə təsir edəcəyini xüsusi vurğulayır. Həmin oyunda baş hakim Vüsal Əliyevin “Neftçi”nin moldovan yarımmüdafiəçisi Vadim Borets rəqibin cərimə meydanında yıxılarkən “Qarabağ”ın qapısına penalti təyin etməyərək bunu simulyasiya kimi qiymətləndirib sarı vərəqə göstərməsi də diqqət mərkəzinə düşmüşdü. Hüseynov həmin epizodu simulyasiya kimi qiymətləndirən Əliyevin çıxardığı qərarı dəstəkləyir.
“Karvan”ın “İnter”lə ev oyununda idarəçiliyindən narazı qaldığı Fariz Yusifovun da məsələsinə baxılıb. Hər halda, bu hakimin aldığı qiymət ümumilikdə işini qənaətbəxş olduğuna işarədi. Amma yevlaxlılar Yusifovu hakimliyindən razı qalmayaraq, xüsusilə də iki epizodda “İnter”in qapısına penalti təyin etməli olduğunu qeyd edir. Qeyd edək ki, “Karvan”ın rəhbər şəxsləri dünən AFFA-da olaraq oyunun videoyazısına Hüseynov və baş katib Fuad Əsədovla birgə baxıb. Əli bəyin sözlərindən belə məlum oldu ki, həmin epizodları bir daha izlədikdən sonra “Karvan”ın rəhbərliyi də baş hakimin düzgün qərar çıxarmasıyla razılaşıb.
Turun digər oyunlarında da hakimliklə bağlı narazılıqlar olsa da, komitə sədri gənc həmkarlarının idarəçiliklərini qənaətbəxş sayır. AFFA-ya müraciət edən narazı klublar arasında “Şahdağ”ı da qeyd etmək olar. Xatırladaq ki, qusarlılar son turda “Olimpik”lə səfər matçının birinci hissəsinin axırında sonuncu ümid foluna görə qırmızı vərəqə göstərilən Timur İsrafilovu itirmişdi. Məlum olduğu kimi, meydan sahiblərinin videolentə köçürdüyü oyunun çəkilişləri federasiyaya təqdim olunur. Əli bəy həmin epizodda həqiqətən də sonuncu ümid folu kimi qırmızı vərəqə göstərilməsiylə bağlı çıxarılan qərarı qətiyyətlə dəstəkləməkdə çətinlik çəkir. Hüseynov bunu videoçəkilişin lazımi səviyyədə olmaması, həmin epizodu dəqiq görə bilməməklə izah edir. Hər halda, komitə sədri bununla kifayətlənməyərək başqa çəkilişi əldə etməyə çalışır və baş hakimin düzgün qərar çıxarmasına, yaxud səhvə yol verməsinə əmin olmaq istəyir. Onu da deyək ki, “Şahdağ” başqa epizodda elə “Olimpik”in oyunçusuna da sonuncu ümid foluna görə qırmızı vərəqə göstərilməli olduğunu bəyan edərək buna görə də şikayətçi idi. Əli bəy həmin epizodda “Şahdağ”ın tələbiylə razılaşmayaraq onların haqlı olduğunu düşünmür. Yəni komitə sədri Kamran Əlibabayevi yerə yıxdığına görə “Şahdağ”ın hücumunu dayandıran “Olimpik”in müdafiəçisi Raşo Babiçin meydandan çıxarılmayaraq yalnız sarı vərəqə göstərilməsiylə bağlı çıxardığı qərarı dəstəkləyir.
Hakimlərlə bağlı sonda onu da qeyd edək ki, Elçin Məmmədov bir müddətlik fasilədən sonra yenidən baş hakim kimi təyinat alıb. Xatırladaq ki, gənc ədalət təmsilçisi cari mövsümdən milli çempionatda baş hakim kimi debüt etmiş və ilk dövrədə 3 oyun idarə etmişdi. Sentyabrın 18-də 5-ci turda “Gənclərbirliyi” - “İnter” matçından sonra daha güclülər dəstəsinə baş hakim kimi təyinat almayan Elçin Məmmədova səhvləri başa salınmış və o bundan nəticə çıxarmalıymış. İkinci dövrənin başlanması ərəfəsində hakimlərin toplanışında həm fiziki, həm də nəzəri planda sınaqdan üzüağ çıxan Məmmədov təsdiqlənən referilər sırasında yer alıb. Əli bəy bundan sonra da hakimlikdə gəncləşmə siyasətini davam etdirməyi düşünür.
QİYMƏT KİTABÇASI
Fevralın 16-17-də keçirilən 15-ci turun oyunlarını idarə edən hakimlərin əməyi belə qiymətləndirilib.
16 fevral
Neftçi (Bakı) - Qarabağ (Ağdam) 2:0
Hakimlər: Vüsal Əliyev - 8,2, Azər Əsgərov - 8,1, Elman Musayev - 7,2, Elçin Məmmədov - 8,0 (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Siyavuş İbrahimov (Bakı).
....