NEFTÇİ" İSƏ "QARABAĞ"In QAPISINA YOL TAPA BİLMƏDİ (üç nöqtə, 27.04.2006)

single-news
27 Apr 2006

NEFTÇİ" İSƏ "QARABAĞ"In QAPISINA YOL TAPA BİLMƏDİ (üç nöqtə, 27.04.2006)



Dünən futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda paytaxtın "Neftçi" komandası "Qarabağ"ı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qapılara top vurulmayıb. Matçın 2-ci hissəsində milli komandamızın heyətində Türkiyəyə qarşı görüşdə ciddi zədə alan Nadir Nəbiyev də meydana çıxıb. Paytaxt təmsilçiləri hücuma meyilli oyun nümayiş etdirsələr də, "Qarabağ" qapısını toxunulmaz saxlaya bilib. Bir neçə epizodda qonaq komanda da kəsərli hücumlar yaratsa da, "Neftçi"nin müdafiəçiləri və qapıçısı təhlükəni sovuşdura bilib. Bu komandalar arasında təkrar qarşılaşma "Qarabağ"ın "ev" görüşlərini keçirdiyi Suraxanı qəsəbə stadionunda baş tutacaq. Dünən "Şəfa" stadionunda Ölkə Kubokunun 1/4 final mərhələsinin təkrar keçirilən MKT "Araz"-"Xəzər-Lənkəran" görüşü də baş tutub. Xatırladaq ki, AFFA həmin matçların nəticələrini ləğv edərək oyunların neytral meydanda keçirilməsi barədə qərar çıxarıb. Onu da qeyd edək ki, MKT "Araz" iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlsə də, "Xəzər-Lənkəran"ın şikayətindən sonra nəticələr ləğv olunub. Dünən keçirilən ilk qarşılaşmada isə Viktor Pasulkonun yetirmələri 1:0 hesabı ilə qələbə qazanıb. Bu komandalar arasında təkrar oyun aprelin 28-də yenə də "Şəfa" stadionunda olacaq. Yeri gəlmişkən, "Xəzər-Lənkəran"-MKT "Araz" cütlüyünün qalibi yarımfinalda "Karvan"la üz-üzə gələcək.

Paylaş