“Neftçi" “Qarabağ" - “Karvan" oyununa mükafat qoyubmu? (HET-TRİK, 31.03.2006)

single-news
31 Mar 2006

“Neftçi" “Qarabağ" - “Karvan" oyununa mükafat qoyubmu? (HET-TRİK, 31.03.2006)



"GƏNCƏ"LİLƏR ÇEMPİONU BÜDRƏDƏCƏYİ HALDA, YAXŞI QAZANA BİLƏRMİŞ Mükafat yaxşı şeydir. Ələlxüsus, pul şəklində olanda. Son vaxtlar ölkə futbolunda mükafat vermək yaman dəb düşüb. Yanlış anlaşılmasın, söhbət hansısa klub rəhbərinin tabeliyindəki futbolçulara uğurlu nəticədən sonra verdiyi mükafatlardan getmir. Belə hallar həmişə olub və burada qeyri-adi nəsə axtarmağa dəyməz. Lakin razılaşarsız ki, futbolumuzda bu məsələylə bağlı qəribəliklərə də tez-tez rast gəlmək mümkündür. O mənada ki, maddi baxımdan yaxşı təmin olunmuş bir klub "qəpiyə güllə atan" hər hansı komandaya iddialı rəqibinə qalib gələcəyi təqdirdə sanballı mükafat vəd edir. Çünki çempionluq uğrunda mübarizə aparan komandaların nisbətən zəif rəqiblərlə görüşlərdə itirdiyi xallar digər iddialıların işinə yaxşı yarayır. 18-ci turda keçirilən bir qarşılaşma bu baxımdan diqqəti cəlb edirdi. Söhbət "Qarabağ" - "Karvan" matçından gedir. Məsələnin maraqlı tərəfi o idi ki, Yevlax təmsilçisi xal itirəcəyi halda, "Neftçi" turnir cədvəlinin "zirvə"sinə yüksələcəkdi. Sözsüz ki, paytaxt klubu həmin oyunda ağdamlıların uğur qazanmasını arzulayırdı. Qənaətbəxş nəticə əldə olunacağı təqdirdə hətta "Neftçi" rəhbərliyinin "Qarabağ"a mükafat verəcəyiylə bağlı söz-söhbətlər də eşidildi. Doğrudur, Ağdam klubu maddi baxımdan o qədər də pis təmin olunmayıb. Amma əlavə qazanılan pul kimin cibinə ağırlıq edər ki? Şayiələrin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün "Neftçi"nin vitse-prezidenti Ramin Musayevlə əlaqə saxladıq. Ramin müəllimin cavabı gözlədiyimizdən də maraqlı oldu: "Əvvəla onu deyim ki, "Neftçi" onsuz da çempion olacaq. Bizim kiminsə oyununa mükafat qoymağımıza nə gərək var? "Qarabağ"da çıxış edən futbolçuların yetmiş faizini tanıyıram. Onların bu yolla pul qazanmağa ehtiyacı yoxdur. Biz heç bir komandanın oyununa mükafat qoymuruq. Əksinə, "Neftçi"nin rəqiblərinə vəd verənlər olur". Bu yerdə Ramin müəllimdən bir az konkret danışmasını xahiş etdik. İnsafən, o da sözümüzü yerə salmadı. Konkret fakt da göstərdi: "Mükafatı hansı komandanın qoyduğunu deməyəcəm. Amma söhbət "Gəncə" - "Neftçi" oyunundan gedir. Gəncəlilərə bizimlə hətta heç-heçə etdikləri təqdirdə də mükafat vəd olunmuşdu. Bunu eləyən isə çempionluğa iddialı olan komandalardan biri idi. Mən həmin klubun rəhbərliyində təmsil olunan bir nəfərlə danışdım və o, etiraf etdi ki, gəncəlilərə mükafat verməyi vəd ediblər". Görürsüz də, atalar "od olmasa, tüstü çıxmaz" məsəlini nahaq yerə deməyiblər. Ramin Musayevin sözləri də sübut edir ki, ölkə futbolunda bir komandanın digər klubun oyunlarına mükafat qoyması halları mövcuddur. Nə deyəsən, vallah, varlığa nə darlıq?

Paylaş