“Neftçi” “Qarabağ”a 2 verdi (ÇEMPİON, 17.02.2006)
17 Fev 2006
“Neftçi” “Qarabağ”a 2 verdi (ÇEMPİON, 17.02.2006)
“Neftçi” ilə “Qarabağ” arasında həmişə kəskin rəqabət olub. Demək olar ki, bu cütlüklərin görüşünü Azərbaycan çempionatının ən intriqalı dueli saymaq olar. “Flaqman”ın ən güclü vaxtlarında belə onlar Ağdam təmsilçisi ilə bacara bilməyiblər. Statistikaya nəzər salsaq, “Neftçi” - “Qarabağ”la öz meydançasında oyunlarda çox çətinlik çəkib. 1994-95 mövsümündə 3:2 hesablı qələbədən sonra “flaqman” növbəti qələbəni bir də 2000-ci ildə bayram edib. Son iki mövsümdə isə bakılılar Ağdam təmsilçisini məğlub etməyi bacarıblar. Ötən mövsüm Ağasəlim Mircavadovun komandası Emin Quliyevin yeganə qolu ilə rəqibini məğlub etmişdi. Bu dəfəki qarşılaşmaya “Neftçi” həm də ilk dövrədəki heç-heçənin təsadüf olduğunu sübut etmək üçün çıxmışdı. Xatırladaq ki, həmin qarşılaşmada bakılılar 2:2 hesabına razı olmaqla bərabər, həm də əsas müdafiəçilərindən biri olan Ruslan Abbasovun ayağını sındırmasına məyus olmuşdular. Ağasəlim Mircavadov “Neftçi”ni ilk dəfə olaraq 4-4-2 sxemi ilə meydançaya çıxarmışdı. “Flaqman” hələ Antalyada olarkən bu sxemə uyğun oynamağa başladığı üçün “Neftçi”nin nə vaxtsa buna gedəcəyini gözləmək olardı. Mircavadov müdafiədə zədəsini artıq sağaldan Rəşad Sadıqovla yanaşı, Aftandil Hacıyev, Ruslan Abbasov və Valeri Abramidzeyə də yer vermişdi. Amma Abramidzenin hücumlara daha tez-tez qoşulması Sadıqovun çox vaxt cinaha meyilli oynamasına şərait yaradırdı ki, bu da avtomatik olaraq 4-4-2-nin, 3-5-2 ilə əvəzlənməsi demək idi. Bundan başqa, “Neftçi”nin hücum xəttində də tez-tez yerdəyişmələr baş verirdi. Sağ cinahda oynayan Adamiyanın Nadirlə yerdəyişmələri isə çox güman ki, hücumların daha da sürətli alınmasına və bununla da rəqibin müdafiə xəttinin çaşdırılmasına hesablanmışdı. “Qarabağ”da isə “Turan”la oyunla müqayisədə yeganə dəyişiklik yarımmüdafiənin sağında Vasif Haqverdiyevin yerini Mübariz Orucovun tutması ilə yekunlaşmışdı. Birinci hissədə “Neftçi”ni tanımaq olmurdu. Hücumların təşkilində qeyri-dəqiqlik, həmçinin futbolçuların bir-birlərini yaxşı başa düşməməsi ilk yarıda Mircavadovun yetirmələrinin təhlükəli qol vəziyyətləri yaratmalarına mane oldu. “Qarabağ” isə rəqibindən fərqli olaraq daha mobil komanda təsiri bağışlayırdı. Ağdam təmsilçisi ən azı iki dəfə Miçoviçi cəzalandıra bilərdi. Əvvəlcə 8-ci dəqiqədə Qoqa Beraya cərimə meydançası xətti üzərindən birbaşa qapını nişan alsa da, serb qapıçı zərbəni qaytara bildi. 26-cı dəqiqədə isə İraklinin sol cinah ötürməsindən sonra top müdafiəçiyə dəyərək Mübarizin önünə düşdü. Yarımmüdafiəçinin topu saxlamadan qapıya yönəltmək cəhdi isə alınmadı və top qapıdan aralı keçdi. Zəif təsir bağışlamasına baxmayaraq, “Neftçi” 43-cü dəqiqədə hesabı açdı. Qol isə olduqca müəmmalı alındı. Belə ki, süni ofsayd yaratmaq istəyən zaman ağdamlıların müdafiə xətti Subaşiçin qapıçı ilə təkbətək qalması ilə qarşılaşdı. Yan xətt hakiminin bayrağı qalxmayınca fürsətdən istifadə edən Subaşiç topu tora göndərdi. İlk yarı bu hesabla başa çatdı. İkinci hissədə Mircavadovun yetirmələrinə əməlli-başlı qulaqburması verməsi meydançadakı mübarizələrdə də hiss olunurdu. Artıq bakılılar daha sürətli oynayır, ötürmələrdə səhvə yol vermirdilər. “Qarabağ”da isə futbolçuların mübahisəli qoldan sonra ruhdan düşdükləri özünü büruzə verirdi. “Neftçi”nin ikinci qolu ikinci hissənin əvvəllərinə təsadüf etdi. Sürətli hücumdan sonra Subaşiç əla ötürmə ilə Adamiyanı qolkiperlə təkbətək çıxardı. Sürətindən də yaxşı istifadə edən gürcü legioner uzaq küncü dəqiq nişan aldı. Bu qoldan sonra üstünlük tamamilə “Neftçi”nin tərəfində idi. Hətta “flaqman” daha böyük hesabla qələbə qazana bilərdi. Amma Subaşiç ardıcıl iki qol şansını boşa verdi. İlk vəziyyətdə onun baş zərbəsi qapının üstündən aşdı. Növbəti hücum zamanı isə “Qarabağ”ı qapı dirəyi xilas etdi. Beləcə növbəti “Neftçi” - “Qarabağ” qarşıdurması bu dəfə “flaqman”ın 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Ağasəlim Mircavadov (“Neftçi”nin baş məşqçisi): “Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi. Bu komandamızın oyununa təsir etdi. Üstəlik, Rəşad Sadıqov hələ tam hazır olmadığından və oyun təcrübəsi sarıdan çətinlik çəkdiyindən ilk yarıda müdafiədə ciddi boşluqlar yaranırdı. Amma ikinci hissədə ona bəzi göstərişlər verəndən sonra bu aradan qalxdı. “Qarabağ”la “Neftçi”nin oyunları həmişə gərgin keçir. Bu dəfə də belə oldu. Biz üstün oynadıq və qələbə qazandıq”.
Böyükağa Ağayev (“Qarabağ”ın baş məşqçisi): “Təqvimdəki dəyişikliklər hazırlığımıza təsir etdi. Ona görə də oyuna yorğun çıxmışdıq. Bununla belə yetirmələrim inamla mübarizə apardılar. İlk yarıda qapımıza vurulan qol psixoloji cəhətdən futbolçularıma pis təsir etdi. Qolda ofsayd olmasından şübhələnirəm. Videokasetə baxıb nəticədən asılı olaraq AFFA-ya şikayət edəcəyik”.