"Neftçi" "Qarabağ"ı məğlub etdi (525-CI QƏZET, 17.02.2006)

single-news
17 Fev 2006

"Neftçi" "Qarabağ"ı məğlub etdi (525-CI QƏZET, 17.02.2006)



Dünən futbol üzrə ölkə çempionatında XV tur start götürdü. Turun ilk oyun günündə yalnız bir qarşılaşma keçirildi. Sonuncu ölkə çempionu "Neftçi" öz meydanında Ağdamın "Qarabağ" klubunu sınağa çəkdi. Bu komandaların görüşü heyətlərdən asılı olmayaraq daima prinsipiallığı ilə seçilirdi. İlk dövrədə keçirilən matçda heç-heçə (2:2) qeydə alınmışdı. Bu günə qədər komandalar arasında keçirilmiş 27 görüşün 8-də "Neftçi", 7-sində isə "Qarabağ" qalib gəlmişdi. 12 dəfə isə tərəflər meydandan "sülh"lə ayrılmışdılar. Matç başlamamış "Neftçi"nin üzvü Bəxtiyar Musayevin futbol karyerasını bitirdiyi elan olundu. İndiyə qədər flaqmanın heyətində ən çox oyun keçirənlərdən olan 32 yaşlı Musayev iştirak etdiyi 170 görüşdə 28 qola imza atıb. Bundan başqa, "Qarabağ"ın formasında 38 dəfə meydana çıxıb. Bakı və Ağdam klubunun rəhbərliyi futbolçunu qiymətli hədiyyələr və gül-çiçəklə yola saldı. FİFA referisi Vüsal Əliyevin idarə etdiyi dünənki qarşılaşmaya gəlincə, ilk 20 dəqiqə gərginliyi ilə yadda qaldı. "Neftçi"nin heyətində Türkiyədən qayıdan Rəşad Sadıqov ötən tur az müddət oynasa da, bu dəfə baş məşqçi Ağasəlim Mircavadov ona start heyətdə yer vermişdi. İlk dəqiqələrdə komandalar ehtiyatlı davransalar da, sonradan matç "qızışdı". Ardından meydanda "Qarabağ" daha fəal göründü. Hətta Ağdam klubu Samir Musayevin ifasında fərqləndi. Ancaq baş hakim qolun oyundankənar vəziyyətdən vurulduğunu bildirərək, hesaba almadı. Ardından "Qarabağ"lı Mübariz Orucov rəqibin cərimə meydançasına ötürülən topu dəqiq qapıya vura bilmədi. Tədricən oyunu öz xeyrinə dəyişən "Neftçi"nin oyunçuları dalbadal bir neçə təhlükəli vəziyyət yaratmaqla yadda qaldılar. Əvvəlcə Svetoslav Stefanovun vurduğu top qapının tirinin üstündən azca aralı keçdi, Vadim Borets və Nadir Nəbiyev real imkanı əldən verdi. Düşünmək olardı ki, flaqman hesabı açacaq. Belə də oldu. Branimir Subaşiç qapıçı ilə dueldən qalib ayrılaraq 43-cü dəqiqədə "Neftçi"nin ilk qoluna imza atdı. Fasiləyə bu üstünlüklə yollanan meydan sahibləri qələbə qazanmaq üçün gözəl şans əldə etdilər. Hissənin əvvəlindən daha baxımlı oyun nümayiş etdirən "Qarabağ"ın fasiləyə məğlub durumda yollanması ikinci hissədə də özünü biruzə verdi. 51-ci dəqiqədə irəli atılmış qonaqları əks-hücumda yaxalayan meydan sahibləri daha bir qolun sevincini yaşadılar. Bu dəfə Branimir Subaşiçdən dəqiq ötürmə alan Georgi Adamiya qüvvətli zərbə ilə topu tora göndərdi. Sonadək üstünlüyü qoruyan "Neftçi" 2:0 hesabı ilə qələbə qazanaraq turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdırdı. Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayev ilk növbədə "Neftçi"ni qələbə münasibətilə təbrik edərək onlara qarşıdakı turlarda da uğurlar arzuladı: "Qarşılaşmaya gəlincə, hamımız gözəl oyunun şahidi olduq. İlk hissədə daha baxımlı oyun göstərdik. Lakin qol vura bilmədik. Əvəzində rəqibin son dəqiqədə qol vurması futbolçuları bir qədər sındırdı. Həmin qola gəlincə isə, bunun oyundankənar vəziyyətdə vurulduğunu düşünürəm. Belə hakimliklə futbolumuzu inkişaf etdirəcəyiksə..." "Neftçi"nin uğurlarının memarı, əsas çalışdırıcı Ağasəlim Mircavadov isə öz fikirlərini belə bölüşdü: "Komandalarımız arasında oyunlar həmişə prinsipiallığı ilə fərqlənib. Eyni zamanda bütün matçlar baxımlı keçib. Bu oyun da istisna olmadı. Hər iki komanda gözəl futbol nümayiş etdirdi. Hakimliyə gəlincə isə, onlara söz deməkdən artıq mən də bezmişəm. Sözü çox deyəndə də söz ucuzlaşır. Onlara nə qədər söz demək olar???!". Bu gün Yevlaxda turun ən prinsipial matçlarından biri keçiriləcək. Çempionluq iddiasında olan "Karvan" və "İnter" qarşılaşacaq. Viktor Pasulkonun çalışdırdığı "Xəzər-Lənkəran" paytaxtda ölkə kubokunun sonuncu sahibi "Bakı" klubunun qonağı olacaq. Debütant "Olimpik" öz meydanında "Şahdağ"la, "Gənclərbirliyi" isə Sumqayıtda MOİK-lə qüvvəsini sınayacaq. Qərbdə zonasında keçiriləcək yeganə qarşılaşmada "Turan" autsayder "Göyəzən" komandasını sınağa çəkəcək. Ötən tur "Qarabağ"a məğlub olan tovuzluların bu görüşdə yalnız qələbə üçün meydana çıxacağı şübhəsizdir. Heyətindəki problemlə əlaqədar ötən tur "İnter"lə oyunun təxirə salınmasına nail olan Gəncənin eyni adlı klubu isə ikinci dövrədə ilk matça çıxmağı planlaşdırır. Çətin vəziyyətdən çıxan "Gəncə" "MKT-Araz"la səfər görüşünə yollanıb. Qeyd edək ki, çempionatın vahid lideri 31 xala malik "Karvan"dır. Dünənki qələbənin ardından "Neftçi" (30 xal) ikinci pilləyə yüksəlib. Digər komandalardan iki oyun az keçirən "İnter" (28 xal) bu gün xal itirəcəyi halda flaqman yerində qalacaq. "Karvan" da belə aqibət yaşasa, artıq "Neftçi"nin liderliyə yüksəlmək şansı artacaq.

Paylaş