“Neftçi” zirvədə qala biləcəkmi? (ÇEMPİON, 31.03.2006)

single-news
31 Mar 2006

“Neftçi” zirvədə qala biləcəkmi? (ÇEMPİON, 31.03.2006)



Dünən keçirilən “Bakı” - MOİK matçı ilə ölkə çempionatının 19-cu turuna start verildi. Turun ən maraqlı matçı “Neftçi” ilə “MKT-Araz” arasında oynanılacaq. Ötən həftə zirvəyə yüksələn “Neftçi” üçün xal itkisi arzuedilməzdir. İzləyiciləri “Karvan”la “İnter”in nəfəsini kürəyində hiss edən “flaqman” “MKT-Araz”dan üç xal almasa zirvədən enə bilər. İmişli təmsilçisi Saşa Yunisoğlu ilə Murad Ağakişiyevin cəzasını başa vurmalarına sevinsə də, problemlərdən yaxa qurtara bilməyib. “MKT-Araz” Zeynal Zeynalovun cəzalı olmasından əlavə, saxta pasport probleməi ilə üzləşən “MKT-Araz” Yevgeni Şiman və başqa milliləşmiş legionerlərin xidmətindən yararlanmaya bilər. Onu da xatırladaq ki, “Neftçi” bu matçda qələbə qazanmasa, “Karvan”ın mümkün uğuru “flaqman”ı ikinci pilləyə salacaq. Pis vaxtlarını yaşayan “Göyəzən”in yevlaxlılara müqavimət göstərəcəyi o qədər də aglabatan deyil. “Karvan” bu qarşılaşmada cəzasını başa vuran Qoça Trapaidzenin xidmətindən yararlana biləcək. ”Gəncə”ni darmadağın etdikdən sonra özünə gələn “İnter” növbəti sınağı “Şahdağ” qarşısında verəcək. İlk dövrədə rəqibinə 2:1 hesabı ilə qalib gələn “bankirlər” bu dəfə də şanslı görünürlər. Son doqquz matçda qazana bilməyən “Şahdağ”ın “İnter”ə müqavimət göstərəcəyi inandırıcı görünmür. Heyətinin xeyli zəifləməsinə baxmayaraq, ikinci dövrədə yaxşı çıxış edən “Turan” “İntertoto” kubokuna vəsiqə əldə etmək şanslarını daha da yaxşılaşdırmaq üçün mütləq “Gənclərbirliyi”nə qalib gəlməlidir. Lakin Əfqan Talıbovun yetirmələrini məğlub etmək o qədər də asan deyil. Səkkiz matçdır ki, yenilməyən sumqayıtlılar ikinci dövrədə xüsusilə yaxşı təsir bağışlayırlar. “Turan”ı qarşıda çox çətin oyunlar gözləyir. Tovuzlular üç xal qazanmasalar, üçüncülükdən də uzaq düşə bilərlər. ”Xəzər-Lənkəran” - “Qarabağ” matçında hansı tərəfin güləcəyini demək çətindir. Hər iki komanda çempionatı daha yüksək pillədə başa vurmaq istəyindədir. Ev sahiblərində cəzasını başa vuran Daniel Muntuyanu oynayacaq. İlqar Qurbanov isə cəzalı olduğu üçün bu görüşü buraxmaq məcburiyyətindədir. İlk dövrədə heç kimə boyun əyməyən “Gəncə” yalnız “Olimpik”ə sensasiyalı şəkildə uduzmuşdu. Ard-arda iki dəfə beş cavabsız qolla məğlub olan gəncəlilərin “Olimpik”ə də məğlub olacaqları gözlənilir. 1 aprel “Xəzər-Lənkəran” – “Qarabağ” Cəzalılar: İlqar Qurbanov (“Xəzər-Lənkəran”), Samir Musayev (”Qarabağ”) Hakimlər: İmanxan Sultani, Elman Musayev, Azər Əsgərov, Elvin Əsgərov Hakim-inspektor: Əliisgəndər Nağıbəyov AFFA nümayəndəsi: Rauf Əmirov Stadion: Lənkəran Olimpiya Kompleksi

Paylaş