"NEFTÇİ"NİN QƏLƏBƏSİ "QARABAĞ"A LİDERLİYİ QAYTARDI (525-Cİ QƏZET,24 FEVRAL, 2005)

single-news
24 Fev 2005

"NEFTÇİ"NİN QƏLƏBƏSİ "QARABAĞ"A LİDERLİYİ QAYTARDI (525-Cİ QƏZET,24 FEVRAL, 2005)



Futbol üzrə Azərbaycanın 13-cü milli çempionatında 20-ci tura yekun vuruldu. Dünən keçirilən qarşılaşmalardan ikisi - "Neftçi"-"Karvan" və "Xəzər-Lənkəran"-"Bakı" matçları prinsipiallığıyla seçilirdi. Çempionluğa iddalı komandaların görüşü gözlənildiyi kimi, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi və qızıl medallara iddialı digər klub "Qarabağ"ın turnir cədvəlinin liderliyə yüksəlməsilə yadda qaldı. Paytaxtın Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni çempionatın lideri "Karvan"la asan oyun gözləmirdi. Dünənədək cəmi bir dəfə uduzan əyalət klubu Bakıya iddialı gəlmişdi. Flaqman da doğma divarlar arasında xal itirmək fikrində deyildi. Belə ki, növbəti xal itkisi çempionluq uğrunda mübarizədə "Neftçi"yə baha başa gələ bilərdi. Bunu nəzərə alan paytaxt klubunun məşqçi korpusu hücum taktikası seçmişdi. "Karvan"ı kifayət qədər yaxşı tanıyan "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov (o, məhz "Karvan"da məsləhətçi işlədiyi dövrdə flaqmanla müqavilə bağlamışdı) irəlidə legionerlərə - gürcü Georgi Adamiya və xorvat Çordaşa etimad göstərmişdi. Hər iki futbolçu yaxşı təsir bağışladı. Adamiya 20-ci dəqiqədə rəqib qapısına yol tapmaqla vəzifəsini yerinə yetirdi. Düzdür, hesabın açılmasında "Karvan"ın liberosu Mehman Yunusovun da "əməyi" az olmadı. M.Yunusovun qapıçı Dmitri Kramarenkoya yanlış ötürməsinə özünü yetirən Adamiya çətinlik çəkmədən topu tora göndərdi. Çordaş da yarımmüdafiə və hücum xəttində fəallığıyla seçilirdi. Ümumiyyətlə, oyundakı proseslər əsasən meydanın mərkəzində cərəyan edirdi. Komandalar mərkəz xəttə nəzarəti ələ keçirməkdən ötrü xeyli güc sərf etməli olurdular. Burada isə bakılılar hökmranlığa yiyələnmişdilər. Mahmud Qurbanov, Emin Quliyev, Tomislav Vışeviç, Zaur Tağızadənin sürətli oyunu sayəsində "Neftçi" rəqibə təhlükəli anlar yaşadırdı. Təhlükəli vəziyyətlərdən biri ikinci hissənin ortalarında yarandı. Vışeviç-Adamiya-Qurbanov kombinasiyasından sonra top cərimə meydançasında əlverişli mövqedə dayanan Tağızadəyə çatdı. Amma Zaurun 4-5 metrlik məsafədən vurduğu zərbə dəqiq alınmadı. 83-cü dəqiqədə isə hesab bərbərləşdi. Sağ cinahdan göndərilən topu sinəsilə saxlayan Fərrux İsmayılov "qayçı" zərbəsilə mükəmməl qola imza atdı. Amma yevlaxlıların sevinci uzun sürmədi. A.Mircavadov dərhal zədə ucbatından son 4 ayda forma geyə bilməyən təcrübəli hücumçu Qurban Qurbanovu meydana buraxdı. Və növbəti hücum qolla nəticələndi. Vışeviçin "asma"sına müdafiəçilərin arxasında gizlənən Zaur Tağızadə topa sərrast baş zərbəsi vurdu, Kramarenko topa toxunsa da, artıq gec idi- 2:1. "Karvan" mövsümdə ikinci məğlubiyyətinə düçar oldu, "Neftçi" isə liderlərə daha da yaxınlaşdı. Oyundan sonra keçirilən mətbuat konfransında "Karvan"ın baş məşqçisi Yunis Hüseynov yetirmələrinin səhvlərə yol verdiyini etiraf etdi: "Oyun maraqlı alındı. Məncə, meydandakı komandalar azarkeşləri darıxmağa qoymadılar. Bakıdan xal aparmağa çox yaxın idik. İlk qolda Mehman Yunusov, oyunun sonlarında isə Kramarenko səhv etdi. Bir sözlə, səhvimiz ucbatından uduzduq və nəticədə xalsız qaldıq". Ağasəlim Mircavadov da oyunla bağlı fikirlərini bölüşdü: "Karvan"ın taktikasına bələdəm. Şadam ki, bu gün Yevlax komandası yaxşı oyun nümayiş etdirərək bizə müqavimət göstərə bildi. Çempionatda əsl mübarizə indi başlanır. Hansı komanda az səhv buraxsa, yarışın qalibi adını qazanacaq". "Karvan"ın bu turda xalsız qalmasından "Qarabağ" yararlandı. Ağdam klubu öz meydanında "Şəmkir"i məğlub etməklə (3:2) xalını 47-yə çatdırdı və liderliyə yüksəldi. "Xəzər-Lənkəran" da bu il ilk matçına çıxdı. Lənkəran təmsilçisi uzun çək-çevirdən sonra "Bakı"nı doğma stadionda deyil, Cəlilabadda qəbul etdi. Amma meydan amili də Rasim Karanın komandasının uğuruna mane olmadı- 2:0. "Neftçi"nin qələbəsindən sonra "Bakı" liderlər qrupuyla vidalaşdı. "Turan" mübarizədən kənarda qalmamaq üçün xal ehtiyatını artırdı. Tovuz komandası Qusarda yerli "Şahdağ-Samur"un qapısından üç cavabsız top keçirdi.

Paylaş