NİHAT KAHVECİ: "LA LİQANIN SƏVİYYƏSİ MƏNİM TƏLƏBLƏRİMƏ TAM CAVAB VERİR!"
9 Noy 2005
NİHAT KAHVECİ: "LA LİQANIN SƏVİYYƏSİ MƏNİM TƏLƏBLƏRİMƏ TAM CAVAB VERİR!"
Mövsümlərarası transfer pəncərəsində "Real Sosyedad"ı tərk etməsi gözlənilən, lakin zədə üzündən "Çelsi"yə mümkün keçidi baş tutmayan və uzun müddət yaşıl meydandan uzaqda qalan Nihat Kahveçi artıq öz əvvəlki formasına qayıtmaq üzrədir.Onun növbəti turlarda San Sebastyanların heyətində öz yerini tutacağına heç kim şübhə ilə yanaşmır. Elə növbəti tur öncəsi də onun zədəsini sağaldıb,əsas heyətə qayıdışı münasibətilə yerli mətbuat onunla müsahibə dərc edib. Maraqlılığını nəzərə alıb sizin də diqqətinizə çatdırırıq...
- İlk öncə zədən haqda danışmaq istərdik. Tam sağalıbsan, özünü hazır hiss edirsən, yoxsa hələ bir çatışmazlıq var?
- Zədələndiyim gündən artıq 8 aya yaxın vaxt ötür. 6 ay sonra yavaş-yavaş yenidən oynamağa başladım. İndi özümü daha yaxşı hiss edirəm. Amma fiziki baxımdan yeni-yeni toparlanıram desəm, daha doğru olar.
- "Real Sosyedad" inanılmaz bir yüksəliş qrafiki cızdıqdan sonra büdrəməyə başladı. Buna səbəb nə idi, ÇL-in bu baxımdan komandaya yarımadığını söyləyə bilərikmi?
- İspaniyada bu cür hallara rast gəlmək mümkündür. Məsələn, "Betis" bu il ÇL-də mübarizə aparmasına baxmayaraq, La Liqada turnir cədvəlinin zirzəmisindən çıxa bilmir. İspaniya çempionatının səviyyəsi yüksək olduğundan hər iki cəbhədə mübarizə aparmaq üçün komandaların geniş potensialı, heyəti olmalıdır. "Real" və "Barselona"da olduğu kimi. Biz də bunun əziyyətini çəkirik.
- Yaxşı, bu mövsüm haqda düşüncələrin nədir?
- Cari çempionatda komandada bir dəyişiklik oldu. Əvəzedici heyətdən gələn oyunçulara diqqət artdı. Amma yetərincə yaxşı vəziyyətdəyik. Əsas odur ki, sükanı belə saxlayaq. Bu il İspaniya birinciliyi olduqca çəkişməli keçir və üst pillələrdəki komandalar arasındakı xal fərqi çox azdır. Biz də bu yarışın içində olmaq istəyirik.
- Prezident və baş məşqçi haqqında fikirlərini öyrənmək maraqlı olardı. Onlarla anlaşa bilirsən?
- İkisi də bu il gəlib və indiyədək hər şey yolundadır. Başqanımız sabiq oyunçu olduğundan futbolçuların dilini yaxşı bilir. Bu da bizim üçün əlavə bir üstünlükdür. Hazırda komandada gözəl ab-hava hakimdir. İstər başqan, istərsə də çalışdırıcıyla münasibətdə.
- Onlarla heç transferin haqda danışıbsan?
- Təbii ki, söhbətimiz olub. Mən onlara, onlar da mənə öz təklifini bildirib. Hazırda hələ də klubumla danışıqları davam etdirirəm. Görək də, gələcəkdə nə olacaq…
- Türkiyədə rəhbərliyin maddi vəziyyət üzündən səni mütləq satmağı düşündüyü haqda xəbərlər çıxdı. Buna necə aydınlıq gətirərdin?
- Xeyr. Qətiyyən elə bir şey yoxdur. Düzdür, klubun maddi vəziyyəti heç də arzuolunan səviyyədə deyil. Ancaq məni satmaq istədikləri haqda deyilənlər həqiqətə uyğun gəlmir. Belə bir şey olsaydı, mənə yeni müqavilə təklif etməz və hələ də bu yöndə danışıqları davam etdirməzdilər.
- Bəs, sən burada qalmaq istəyirsən?
- 4 mövsümdür buradayam və İspaniyada xeyli gözəl günlər keçirmişəm. Anlaşacağımız təqdirdə təbii ki, qalaram. Ancaq mən də peşəkaram və gələcəyimi düşünməyə məcburam.
- İndiyə kimi təklif sənə gəlib?
- Onsuz da bir neçə yerdən təklif almışdım, ancaq zədəm üzündən dəyərləndirə bilmədim. Gözləmək lazımdır. Hazırda yalnız sağlamlığım haqda düşünürəm. Mövsümün sonunadək bu haqda bir qərar qəbul edəcəm.
- Türkiyədən təklif varmı? Qətiyyən vətənə qayıtmayacağını deyirsən?
- Hələ ki, vətəndən təklif almamışam. Türk futbolçularının çoxu Avropada oynamaq istədiyi bir vaxtda siz geri qayıtsaz, onların da önünü kəsəcəksiz. Ölkəmizdə top qovan futbolçuları kiçiltmək fikrində deyiləm. Orada oynamışam və çox yaxşı bilirəm ki, superliqa çətin çempionatdır. Ancaq hazırda İstanbula qayıtmaq fikrində deyiləm. Balkan ölkələrinə baxın. Yığmanın formasını geyən oyunçuların çoxu xaricdə top qovur. Bizdə belələri barmaqla sayılacaq qədər azdır. Bu üzdən bizim kimi futbolçuların xarici klubları seçməli olduğunu düşünürəm.
- Sabiq komandan "Beşiktaş" haqqında nə düşünürsən?
İki mövsümdür özlərinə gələ bilmirlər…
- Elədir, ötən il onlar üçün uğursuz oldu. Cari mövsümdə də elə çempionatın startındaca geri düşdülər. Ümidvaram ki, ən qısa vaxtda toparlanıb əvvəlki günlərinə qayıdarlar. Baş məşqçi dəyişikliyi nəticədən asılıdır. Bu, hər yerdə belədir. Qənaətbəxş sonuclar qazanmadığınız təqdirdə vəzifə başında qalmağınız çətinləşir.
- Bu il səni bombardirliyə favorit saya bilərikmi? Hərçənd ilk turlar oynamadığından bir az geri qalıbsan…
- (gülür). Vallah, əlimdən gəldiyi qədər vurmağa çalışacam. Sağlamlığımın yerində olması və komandanın başarısı mənim üçün hazırda ən önəmli məqsəddir.