NİK KLUBLARI "CƏZA YAĞIŞI"NA TUTDU (525-Cİ QƏZET, 14.12.2005)
14 Dek 2005
NİK KLUBLARI "CƏZA YAĞIŞI"NA TUTDU (525-Cİ QƏZET, 14.12.2005)
Dünən Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə bir sıra gözlənilməz qərarlar qəbul edilib. Toğrul Hacıyev kütləvi informasiya vasitələrində AFFA əməkdaşlarının şərəf və ləyaqətini alçaltdığına və təhqir etdiyinə görə (maddə 58) 2 ilədək AFFA-nın üzvü olan futbol qurumlarında fəaliyyət göstərməkdən məhrum edilib.
Digər tərəfdən də "Neftçi" - "Karvan" oyununda görüşün baş hakimi Vüsal Əliyevin bakılıların üzvü Vadim Boretsə göstərdiyi sarı vərəqə yanlış hesab edilərək ləğv olunub.
"Gənclərbirliyi" - "Şahdağ" oyununda qonaqların qapıçısı Səid Salodoye sonuncu ümid qoluna görə, meydandan kənarlaşdırıldığı üçün (maddə 45) 1 oyunluq cəzalandırılıb və futbolçunun klubu da 1 milyon manat cərimələnib. Həmin görüşdə qırmızı vərəqə almış digər "Şahdağ"lı Şitv Tavred rəqibə qarşı kobud oynadığına görə, (maddə 48) 2 oyunluq kənarlaşdırılıb və klubu da 10 milyon manat cərimələnib.
"MKT-Araz" - "Qarabağ" oyununda ağlamlıların türkiyəli futbolçusu Mustafa Engin Özmən rəqibə qarşı kobud oynadığına görə (maddə 48) 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən də futbolçunun klubu 10 milyon manat həcmində cərimələnib. Həmin görüşdə İmişli klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə, (maddə 51) komanda 5 milyon manat cərimələnib. "Olimpik" - "Bakı" oyununda meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə aldığından (maddə 51) debütant 5 milyon manat cərimələnib.
I dəstədə keçirilən "Şərur" - "Ədliyyə" oyununda yerli komandanın üzvü Polad Əliyev hakimi təhqir etdiyinə görə, (maddə 46) 2 oyunluq kənarlaşdırılıb və klubu da 1 milyon manat cərimələnib.
"Şahdağ-2" - "Xəzər-Lənkəran-2" oyununda yerli komandanın, "Yeni-Yevlax" - "ABN" oyununda isə qonaqların 4 oyunçusu sarı vərəqə aldığına görə, hər iki klub 500 000 manat cərimələnib.