NİK qərarlarını açıqladı

single-news
23 Avq 2011

NİK qərarlarını açıqladı



İntizam Komitəsinin qərarları
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının III turunun `Simurq` – `Rəvan` matçında `Simurq` klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının III turunun `Qəbələ` – AZAL matçının 12-ci dəqiqəsində `Qəbələ` klubunun 4 №-li futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Bundan başqa, oyunun 85-ci dəqiqəsində AZAL klubunun 25№-li futbolçusu Kristian Ruiz əllə topu `Qəbələ` klubunun qapısından keçirdikdən sonra (hakim qolu qeydə almamışdır) `Qəbələ` azarkeşləri meydançaya kənar əşya (daş) atmışlar. AZAL klubu baş vermiş hadisə ilə bağlı İntizam Komitəsinə mürəciət edərək oyunun nəticəsinin ləğv edilməsini və `Qəbələ` klubuna texniki məğlubiyyət verilməsini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq `Qəbələ` klubuna qarşı aşağıdakı cəza və cərimələr tətbiq olunur:
`Qəbələ` klubunun 4 №-li futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olunur (maddə 38.3).
`Qəbələ` klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya (daş) atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
`Qəbələ` klubu Premyer Liqa matçlarında azarkeşlərinin davranışı ilə bağlı müvafiq tədbirlər görsün, əks halda analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
`Qəbələ` klubu ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazımi tədbirləri gücləndirsin.
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının III turunun `Xəzər Lənkəran` – `Turan` matçının 55-ci dəqiqəsində meydançaya `Xəzər Lənkəran` klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının III turunun `İnter` – `Bakı` matçında aşağıdakı hadisələr baş vermişdir:
Matçın 90+1-ci dəqiqəsində `İnter` klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin olduqdan sonra `İnter` klubunun prezidenti meydançaya daxil olaraq komandanı meydançadan cıxarmışdır. Hakimlər 10 dəqiqə gözləsələr də, `İnter` klubu meydançaya qayıtmamış və matç başa çatmamışdır. Matçda baş vermiş hadisələrlə əlaqədar olaraq `İnter` klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq olunur:
Matçın 90+1-ci dəqiqəsində meydançaya `İnter` klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).
Oyunun 90+1-ci dəqiqəsində `İnter` klubunun 1 №-li futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 37.1).
Matçın 90+1-ci dəqiqəsində `İnter` klubunun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olaraq komandanı meydançadan çıxardaraq matçı izləyənlərə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4)
Oyunun 90+1-ci dəqiqəsində `İnter` klubu özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 10 000 (on min) manat cərimə olunur(maddə 53.1).
Matçdan sonra keçirilən mətbuat konfransında `İnter` klubunun baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi üçün `İnter` klubu 1000 (bir min) manat cərimə olunur (maddə 83.1).
Matçda `İnter` klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun `İnter` – `Bakı` matçında `İnter` klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40). Oyunun 77-ci dəqiqəsində `İnter` klubunun məşqçisi Rüstəm Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 5 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 42.4).
19 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun `Xəzər Lənkəran` – `Turan` matçının 89-cu dəqiqəsində `Turan` klubunun 12 №-li futbolçusu Zabid Səfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
20 avqust 2011-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun `Neftçi` – `Sumqayıt Şəhər` matçının 44-cü dəqiqəsində `Neftçi` klubunun 23 №-li futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).
Qeyd: klublar 3 gün müddətində (26.08.2011-ci il tarixinə kimi) Apellyasiya və Ekspert Komitəsinə mürəciət edə bilərlər.

 

Paylaş

// pop up