Niyə məhz `Qarabağ` ?
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5564.jpg)
Niyə məhz `Qarabağ` ?
Rəşad Fərhadoğlu
Ölkə daxilində başarılı olmaq işin yalnız bir tərəfidi. Sevilmək, sayılmaq və hörmət qazanmaq üçün ölkə xaricində nəyəsə nail olmaq mütləq zəruridi. Futbolsevərlər `Qarabağ`ı məhz sonuncu amilə görə sevirlər. `Barselona` ilə müqayisə olunması `Qarabağ` üçün nə qədər xoşdusa, azarkeşlər üçün də bir o qədər xoşdu. Amma hamısından əsas, `Qarabağ` yalnız kağız üzərində deyil, həm də reallıqda `Barselona`ya bənzəyir. Oynadığı oyunla. `Qarabağ`ın son oyununu izləmək, izləyərkən həzz almamaq mümkünsüz idi. Qısa ötürmələr, oyunun gah cinahlarda, gah da mərkəzdə qurulması və s. Uzaqdan zərbələr isə xüsusi gözəllik verirdi. Bir sözlə, meydanda mükəmməl komanda oyunu var idi. Sizlərə Ağdam təlimçisinin oyununun texniki analizini vermək niyyətində deyiləm. Yaxşı oyun varsa, ilk növbədə onun səbəbini tapmaq lazımdır.
Azərbaycan futbolunda qeyri-peşəkar mühit hökm sürür. Bunu daha çox klublarda müşahidə etnək mümkündü. Klub rəsmilərinin komandanın, yəni, texniki heyətin işinə qarışması adi haldı. Məhz bu amil klublarımızın beynəlxalq arenada zəfər qazanmasını imkansız edir. Qeyd etdiyimiz vəziyyətin ən az müşahidə olunduğu klub, özü də tək klub `Qarabağ`dı. Ağdam təmsilçisində futbolçu futbolunu oynayır, məşqçi hazırlığını keçir, klub rəsmisi cari problemləri yoluna qoyur, rəhbərlik gələcəyin planları üzərində işləyir. Yəni, hər kəsin səlahiyyəti məlumdu və kimsə onu pozmağa çalışmır.
Klub prezidentinin, yaxud vitse-prezidentin komandasının oyununu seyr etməyə gəlməməsini Azərbaycanda laqeydlik kimi qəbul edirlər. Amma `Qarabağ` düşərgəsində yaşananlar sübut edir ki, onlar üçün bu, laqeydlik deyil, arxayınlıqdı. Rəhbərlik onların oyunda olub-olmamasının matçın sonucuna dəxli olmadığını bildiyindən, bəzən qarşılaşmaları tribunadan izləmirlər.
Niyə məhz `Qarabağ`da peşəkarlaşma yolunda müəyyən addımlar atılıb? Ilk növbədə bunu çəkilən xərclə əlaqələndirmək lazımdı. `Azərsun` rəhbərliyinin bəxti onda gətirib ki, etimad göstərdikləri şəxslər özünü doğruldur. Komandanın illik büdcəsi 5 milyondusa, 365 gün ərzində çəkilən xərc 4,5 milyon olar, amma 5,1 milyon olmaz. Bu, yalnız `Qarabağ`da belədi. Digərlərində büdcənin qurudulması və sponsordan əlavə pul alınması adi haldı. Başqalarında `yeyinti` miqdarı 100 manatdırsa, `Qarabağ`da bu, ən yaxşı halda 1 manatdı...
Nə isə, keçək əsas mətləbə. Hər kəs Ağdam təmsilçisinin məşqçilər korpusu və futbolçular haqda ayrı-ayrı fikirlər səsləndirir. Onlardan doğru olanı da var, yalan olanı da. Amma faktla danışmağa ehtiyac varsa, əziyyət çəkməyə ehtiyac qalmır. Fakt odu ki, bu komandanın futbolçuları milli komandaların onurğasını təşkil edir. Fakt odu ki, `Qarabağ`ın baş məşqçisi ölkənin ən hörmətcil, sayılıb- sevilən baş məşqçisidi. Faktın ən böyüyünə gəlincə, Azərbaycan futbolunun sabahı `Qarabağ`da yetişir. Bütün bunların hamısını yalnız sistemli iş görməklə reallaşdırmaq mümkündü.