“Olimpik”in əvəzediciləri də yenilmədilər (ÇEMPİON, 08.08.2005)

single-news
8 Avq 2005

“Olimpik”in əvəzediciləri də yenilmədilər (ÇEMPİON, 08.08.2005)



Xorvatiyalı mütəxəssis bu dəfə yetirmələrini “Qarabağ”la qarşılaşmada sınadı. Suraxanı stadionunda baş tutan matçı FİFA referisi Zöhrab Qədiyev idarə edirdi. “Qarabağ” oyuna optimal heyətlə çıxsa da, Çordaş nədənsə daha çox gənclərə şans vermişdi. Yəni Bakı klubu əvəzedicilərini meydançaya çıxardı. Belə ki, “Olimpik”in aparıcı futbolçularından olan Elşən Qənbərov, Tomislav Vişeviç, müqavilə bağlanılan serbiyalı legioner Marko Mitroviç, bundan başqa, Təhmuraz Rzayev və “Gəncə”dən transfer olunan Xəyal Zeynalov matçı tribunadan izlədilər. “Olimpik”lə anlaşdığı bildirilən veteran Vidadi Rzayev isə “Qarabağ”a qarşı forma geydi. Vidadi bununla da bu kluba keçidini təsdiqləmiş oldu. Oyuna gəlincə, hər iki komanda nın futbolçuları əzmkar və mübariz keyfiyyətlərini nümayiş etdirdilər. İlk hissədə “Olimpik” daha baxımlı oyun sərgiləyirdi. Xüsusən, Rzayevin gözəl ötürmələrini xatırlatmaq yerinə düşərdi. Onun paslarından yaradılan qol imkanlarının dəyərləndirilməməsi isə gənclərin ustalıq səviyyəsinin bir qədər aşağı olması ilə bağlı idi. Elə bu boşluğu da Vidadinin özü doldurdu. Qapıçı ilə təkbətək qalan veteran fürsəti qaçırmadı. Fasilədən sonra isə “Qarabağ” daha çox hücum edən tərəf idi. Baş məşqçi Elxan Abdullayevin hücumçu Samir Musayevi meydançaya buraxması da öz sözünü dedi. Samir bir neçə cəhddən sonra, nəhayət ki, rəqib müdafiəçilərini tora sala bildi. Ona qarşı edilən kobudluğu isə Qədiyev 11 metrliklə qiymətləndirdi. “Qarabağ” bu şansı əldən vermədi. Beləliklə, milli çempionatın startına yaxın daha bir yoldaşlıq görüşü heç-heçə ilə nəticələndi. Yazının davamı kimi daha bir xəbəri diqqətinizə çatdırmaq istərdik. Aldığımız məlumata görə, “Olimpik” çempionatdakı “ev” oyunlarını “Şəfa” stadionunda keçirəcək.

Paylaş

// pop up