ÖLKƏ ÇEMPİONATINDA II TURA START VERİLİR (ayna, 10.08.2006)
10 Avq 2006
ÖLKƏ ÇEMPİONATINDA II TURA START VERİLİR (ayna, 10.08.2006)
Bu gün ölkə çempionatında ikinci turun matçları start götürəcək. İlk oyun günündə yalnız iki qarşılaşma baş tutacaq. "Gəncə"nin vəziyyətinə hələ də aydınlıq gəlmədiyindən, Qərb təmsilçisinin "İnter"lə səfərdə keçirməli olduğu qarşılaşma baş tutmayacaq. Buna görə də futbolsevərlər bu gün yalnız "Turan" - "Bakı" və "Qarabağ" - "Şahdağ" matçlarını izləyə biləcəklər.
Şübhəsiz, ilk görüş gününün ən maraqlı qarşılaşması Tovuzda keçiriləcək "Turan" - "Bakı" oyunudur. Son mövsümün çempionu "Bakı" çempionata uğurla başlayıb. "Zolaqlılar" ilk turda "paytaxt derbisi"ndə "Olimpik"i 1:0 hesabı ilə məğlub edib. Rəqibindən fərqli olaraq "Turan"ın ilk turdakı qazancı yalnız bir xal olub. Tovuz klubu səfərdə "Simurq"la "sülh" bağlayıb.
Buna baxmayaraq, gənclərdən qurulan "Turan"ın "Bakı"ya başağrısı olacağı şübhə doğurmur. Bunu nəzərə alan bakılılar qarşılaşmaya ciddi hazırlaşmaq üçün avqustun 8-i gecə Tovuza yollanıblar. Bakı-Ağstafa qatarı ilə səfərə çıxan "Bakı" dünən Tovuz şəhər stadionunda məşqə də çıxıb.
Komandaların heyətlərinə gəlincə isə, ilk turda "Olimpik"lə matçın 26-cı dəqiqəsində zədələnərək sıradan çıxan paytaxt futbolçusu Fərid Quliyev bu dəfə də komandasına kömək edə bilməyəcək. Fəriddən başqa hələ də vətənində müalicə alan Georgi Meqreladze də komandadan ayrı düşməli olub. "Turan"ın heyətində isə heç bir cəzalı və ya zədəli futbolçu yoxdur.
Bugünkü qarşılaşmada qalib gələcəyi halda, "Bakı" Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra ardıcıl 10-cu görüşdə 10-cu qələbəsini qazanacaq. Geridə qalan 9 matçı qalibiyyətlə bitirməklə yanaşı, "Bakı" həm də bu görüşlərdə qapısından top buraxmayıb. Digər tərəfdən, Böyükağa Hacıyevin başçılığı ilə "zolaqlılar" artıq bir dəfə "Turan"ı üstələyib.
Ötən mövsümün 22-ci turuna təsadüf edən həmin qarşılaşmada "zolaqlılar" Ramazan Abbasovun yeganə qolu ilə minimal hesablı qələbə qazanmışdılar. Ancaq o da var ki, "Bakı" son iki mövsümdə Tovuz səfərindən əliboş dönüb. Bugünkü qarşılaşmanı Babək Quliyev idarə edəcək. Ona Mehman Mahmudovla Vaqif Ayvazov kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını isə Eldar Nağıbəyov yerinə yetirəcək.
Günün digər matçında "Qarabağ" Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Şahdağ"ı qəbul edəcək. Qeyd edək ki, bu oyun ağdamlılar üçün XV milli çempionatda debüt olacaq. Çünki "Karvan" UEFA Kubokunda çıxışını davam etdirdiyindən "Qarabağ"ın yevlaxlılarla ilk turda keçirilməli olan oyunu təxirə salınmışdı. "Şahdağ" isə ilk turda öz meydanında "MKT-Araz"la heç-heçə oynayıb - 0:0. "Qarabağ" - "Şahdağ" oyununun baş hakimi Rövşən Əhmədovdur. Ona Azad Hüseynovla Elşən Durmuşov kömək edəcəklər. Matçın dördüncü hakimi isə Ramiz Əhmədovdur. Hər iki qarşılaşma saat 18:00-da başlanacaq. Turun digər görüşləri sabah keçiriləcək.