Ölkə kuboku sahibini iyunun 3-də tapacaq (futbol+, 09.05.2006)

single-news
9 May 2006

Ölkə kuboku sahibini iyunun 3-də tapacaq (futbol+, 09.05.2006)



Cari mövsümdə artıq neçənci dəfə təqvimdə dəyişiklik edildi. Xatırladaq ki, futbol üzrə 14-cü Azərbaycan çempionatının və kuboku uğrunda yarışların əsasnaməsinin 3.21 maddəsinə görə AFFA müstəsna hallarda matçları başqa vaxta keçirmək hüququna malikdi. Gözlənilmədən “MKT-Araz”la “Xəzər-Lənkəran” arasında ölkə kuboku uğrunda 1/4 final mərhələsinin oyunlarını yenidən keçirilməsi AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin təqvim üzərində yenidən “baş sındırmağa” sövq etdi. Xatırladaq ki, kuboka görə “Xəzər-Lənkəran”ın elə “MKT-Araz”la ev oyunu (29 aprel) və “Gənclərbirliyi” ilə səfər matçı (7 may) təxirə salınmışdı. Bu oyunların yenidən keçirilməsi “Karvan”ın da mayın 7-də keçirilməli olan “Turan”la səfər görüşünün başqa vaxta keçirilməsini zəruri edirdi. Nəhayət, dünən bu üç oyunun keçiriləcəyi tarixlər haqda rəsmi açıqlama verildi. Qeyd edək ki, təqvimdə 10 may ehtiyat gün kimi nəzərdə tutulsa da, 11-də Bakıda 21 yaşlılarımızın irland həmyaşıdlarıyla rəsmi oyununun keçirilməsi qeyd etdiyimiz tarixdə təxirə salınan matçların baş tutması mümkünsüz edirdi. Belədə AFFA-nın adıçəkilən departamenti çempionatın son turunun keçirilməsi tarixinə “əl gəzdirməli” oldu. Belə ki, mayın 22-23-də 26-cı turun oyunları keçirilməklə 14-cü milli çempionatımız yekunlaşmalı idi. Ancaq bu tur bir həftə sonraya keçirilib və özü də matçların ardıcıllığı da əvvəlki qaydada saxlanılıb. Təxirə salınan həmin üç oyun da son iki tur arasındakı boşluqda baş tutacaq. Göründüyü kimi, çempionluğa ən real namizəd sayılan “Karvan” “Neftçi”ylə ev oyunundan sonra “Turan”la təxirə salınan matçını keçirməli olacaq. Yəni komanda Yevlaxda bu mövsüm sonuncu oyunununda uğurlu nəticə qazanmaqla çempionluq şanslarını xeyli artırmış olaraq bundan sonra səfər görüşləri haqda düşünəcək. Ölkə kubokunda da iddiası qalmayan “Xəzər-Lənkəran” isə təqvimdə edilən dəyişikliklərə görə bir həftəyə üç oyuna çıxmalı olacaq və onlardan son ikisi səfər matçlarıdı. Adətən mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaranması günü ölkə kubokukunu final oyunu keçirilsə də, qalib bu dəfə bayramda müəyyənləşməyəcək. Son turun keçirilməsi tarixində edilən məcburi dəyişiklik final matçının da başqa gündə baş tutmasını gündəmə gətirdi. Belədə mövsüm iyunun 3-də kubokda həlledici görüşlə yekunlaşacaq. Qeyd edək ki, indiyədək kubokun final oyunlarının mayın 28-də keçirilməməsi müşahidə olunmasa da, həmin matçlar qeyd etdiyimiz ayın başqa günlərinə salınıb. İstisna kimi 1992 və 94-cü ildəki final matçlarını qeyd etmək olar. “İnşaatçı” (Bakı) - “Kür” (2:1) oyunu 1992-ci il avqustun 30-da, “Kəpəz” - “Xəzər-Lənkəran” (2:0) matçı isə 1994-cü ilin iyunun 8-də keçirilmişdi. Göründüyü kimi, 12 ildən sonra kubokun finalı yenidən iyunda baş tutacaq. Bununla da dalbadal ikinci mövsüm bu ayda bitəcək. Xatırladaq ki, ötən il iyunun 17-də “Neftçi”ylə “Xəzər-Lənkəran” arasında Gəncədəki “Qızıl oyun”la 2004/05 mövsümünə yekun vuruldu.

Paylaş