Ölkə kubokunda 1/4 finala start verilir (525-Cİ QƏZET, 04.03.2006)

single-news
4 Mar 2006

Ölkə kubokunda 1/4 finala start verilir (525-Cİ QƏZET, 04.03.2006)



BU MƏRHƏLƏDƏ ÇEMPİONATIN HAZIRKI LİDERİ İLƏ BİRİNCİLİYİN POTENSİAL LİDERİ QARŞILAŞACAQ Bu gün ölkə kubokunun 1/4 final mərhələsində ilk görüşlərə start veriləcək. İlk oyun günündə yalnız iki qarşılaşma baş tutacaq ki, bu matçların da hər ikisi paytaxtda oynanılacaq. "Neftçi" Tofiq Bəhramov adına respublika stadionunda "Turan"ı qəbul edəcək. Kubokun sahibi "Bakı" isə səfərdə "Qarabağ"ın qonağı olacaq. İlk görüşlərə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq. İlk oyun günündə keçiriləcək hər iki qarşılaşma paytaxtda baş tutacağı halda, sabahkı matçların hər ikisi əyalətdə oynanılacaq. "MKT-Araz" doğma rayonu İmişlidə "Xəzər-Lənkəran"ı sınağa çəkəcəyi halda, çempionatın hazırkı lideri "Karvan" öz meydanında birinciliyin potensial lideri "İnter"i qəbul edəcək. Çempionatda liderlər qrupunda qərarlaşan "Neftçi" kuboka da iddialıdır. Həm də "Neftçi" - "Turan" cütlüyü yeganə cütdür ki, burada komandalardan biri əvvəlcədən favorit göstərilir. Favorit isə şübhəsiz ki, flaqmandır. Bunun əsas səbəbi isə dövrələrarası fasilədə "Turan"ın heyətinin xeyli zəifləməsidir. Lakin unutmaq lazım deyil ki, tovuzlular praktiki cəhətdən çempionluq şansını itirdiyindən onlar üçün avrokuboklara yollanmaq üçün yeganə şans ölkə kubokudur. Digər tərəfdən klublar arasında olan rəqabət də matçın prinsipiallığını artırır. Xatırladaq ki, "Neftçi" ilə "Turan" ölkə çempionatlarında çıxış etmiş 4 klubdan ikisidir. "Ağ-qaralar"ın səviyyə və heyət baxımından rəqibini üstələməsinə baxmayaraq, "Turan"ın çempiona asan təslim olacağını da zənn etməyə dəyməz. Hər iki komanda oyuna itkilərlə çıxacaq. Flaqmandan Zaur Tağızadə görüşü buraxacağı halda, tovuzlulardan Səbuhi Həsənov zədə üzündən meydana çıxa bilməyəcək. Bir müddət əvvəl "Bakı" - "Qarabağ" cütündə aşkar favorit qismində kubokun hazırkı sahibi göstərilirdi.Lakin dövrələrarası fasilə çox şeyi dəyişdi. Bu sözləri xüsusən də ağdamlılara aid etmək olar. Heyətini xeyli gücləndirən "Qarabağ" kuboku qazanmaq iddiasındadır. Bunun üçünsə ilk növbədə yarışın hazırkı qalibini mübarizədən kənarlaşdırmaq lazımdır. Qarşılaşmaya "Qarabağ" böyük itki ilə çıxacaq. "Olimpik"lə oyunda aldığı zədəyə görə sağ ayağının diz nahiyəsindən əməliyyat olunan İrakli Beraya qarşılaşmanı kənardan izləyəcək. Paytaxtın eyniadlı təmsilçisində isə Rauf Mehdiyev zədəli olduğundan kənarda qalacaq. Kubokda yoluna davam edənlər arasında "MKT-Araz" - "Xəzər-Lənkəran" dueli yeganə cütlükdür ki, hər iki tərəf çempionluq şansını demək olar ki, itirib. İndi tərəflərin yeganə iddiası kubokadır. Fasilədə hər iki əyalət təmsilçisi heyətini gücləndirsə də bu cütdə üstünlüyü az da olsa lənkəranlılara vermək olar. Bu qarşılaşmanı həm də ukraynalı məşqçilərin dueli adlandırmaq olar. İqor Nakoneçnının komandasında heyətlə bağlı itkilər var. Zeynal Zeynalov son oyunda qırmızı vərəqə aldığından, Murad Ağakişiyev isə zədəli olduğundan meydana çıxmayacaq. Cənublulardan isə Kinqsli Atakora zədəli, Martin Stankov isə cəzalıdır. "Karvan" - "İnter" oyununun bu mərhələnin ən gərgin və prinsipial qarşılaşması olacağı şübhə doğurmur. Bu komandalar arasında baş tutan son görüş də gərgin atmosferdə keçmişdi. Oyun boyu yevlaxlılar hakimdən narazılıqlarını bildirmiş, matçdan sonra isə Asim Xudiyevin cəzalanması ilə nəticələnən məlum kaest qalmaqalı yaşanmışdı. Qonaqlardan uzun müddətdir zədəli olan Vyaçeslav Lıçkinlə son görüşdə eyni aqibəti yaşayan Ruslan Poladov meydana çıxmayacaq. Meydan sahiblərindən isə İsmayıl Məmmədovun vərəqə limiti dolduğundan o, oyunu kənardan izləyəcək. Sonda isə xatırladaq ki, bütün görüşlər saat 16:00-da başlanacaq.

Paylaş