Ölkə kubokunda ilk matçlar başa çatdı ( 525-ci qəzet, 15.09.2006)
15 Sen 2006
Ölkə kubokunda ilk matçlar başa çatdı ( 525-ci qəzet, 15.09.2006)
Futbol üzrə Azərbaycan Kubokunda 1/16 final mərhələsinin qalan, ilk oyunları baş tutub. "Qarabağ-2" "Bakılı"nı qəbul edib. Oyun sakit məcrada başlasa da, Ağdam komandası qol vurmağa daha istəkli olub. İlk qol vəziyyətini də "Qarabağ-2" yaradıb. Yasin Yaqubovun yandan ötürməsindən sonra Rza Qafarlının zərbəsi qapıdan azacıq aralı keçib. 5 dəqiqə sonra Əfran İsmayılovun güclü zərbəsindən sonra yalnız bəxt qonaqların üzünə gülüb. Oyunun 40-cı dəqiqəsində Namiq Yusifov qırmızı vərəqə alıb. Azlıqda qalmasına baxmayaraq, hücumlara atılan "Qarabağ-2" qonaqları da kobudluq etməyə məcbur edib və 43-cü dəqiqədə Rüfət Balakişiyev də meydandan qovulub. İkinci hissədə isə qonaqlar hesabı açıblar. Hakimin cərimə meydançasında kobudluğa görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Teymuraz Rzayev dəqiq yerinə yetirib - 0:1. Bundan sonra qol vurmaq istəyən "Qarabağ-2" bu arzusunu reallaşdıra bilməyib və hesab dəyişməyib. "Masallı" - "Göyəzən" oyunu qonaq komandanın oyuna yollanmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Qazax klubu əvvəlcədən bu barədə AFFA-ya rəsmi müraciət edib. İmişlinin "MKT-Araz" klubunun ikinci komandası isə öz meydanında Mingəçevir "Energetik"ini sınağa çəkib. "Ev" sahibləri rəqibini bütün komponentlərdə üstələyərək, 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Rəfael Atakişiyev, Samir Babayev və Gündüz Səlimov (öz qapısına) vurub.